Xəbər lenti

İran Ankaranın tələbinə nə cavab verəcək? (ŞƏRH)
Dünya 16:42 01.07.2024

İran Ankaranın tələbinə nə cavab verəcək? (ŞƏRH)

"Ankaranın tələbi fonunda Tehran tam yox, ən azından müvəqqəti dövr üçün PKK-ya dəstək prosesinə ara verə bilər". 

Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib.

Ekspert bildirib ki, əslində bu tələbin özü Türkiyənin İraq və Suriyada həyata keçirəcəyi əməliyyatlarla yaxından əlaqəlidir:

"Tələbin bu dönəmdə irəli sürülməsi də əslində əməliyyata Tehranın əngəl törətməməsilə yaxından əlaqəlidir. İran ənənəvi olaraq Türkiyəni özünə tarixi rəqib hesab edir. Bu səbəbdən PKK-dan bir vasitə olaraq tarixən istifadə edir. Belədə zaman-zaman Türkiyə ilə İranı qarşı-qarşıya gətirir. Ənənəvi olaraq Tehran Ankaranın bu kimi tələblərinə iki cür yanaşır. İran PKK-ya qətiyyən dəstək vermədiyini iddia edir".

Həmsöhbətimiz vurğulayıb ki, Türkiyə tərəfindən verilən bu mesaj fonunda İran siyasi və hərbi baxımından daha ehtiyatlı davranmalı olacaq:

"Tehranın ən azından müvəqqəti dövr üçün PKK-ya dəstək prosesinə ara verəcəyini düşünürəm". 



Həmsöhbətimizə görə, prosesə təsir edəcək digər amil İranın növbəti prezidentinin kim olacağı məsələsilə bağlıdır:

"İranda növbəti prezidentin kim olacağı məsələsi hələ qeyri-müəyyəndir. Pezeşkian prezident olarsa, bu ölkənin bölgə siyasəti, o cümlədən Türkiyə siyasətinə də müəyyən müsbət təsir göstərəcək. Pezeşkian nə qədər sistem adamı olsa da, Azərbaycan və Türkiyəyə nisbətən pozitiv baxan xarakterə sahibdir. Bu mənada İranın mövcud dövlət bürokratiyası da Pezeşkian gəlməsi ehtimalına paralel şəkildə bir qədər daha ehtiyatlı davranmaq durumunda qala bilər. Pezeşkian hakimiyyətə gələrsə,Türkiyənin bölgədə fəallaşmasına İranın bu günə qədər sərgilədiyi ənənəvi radikal yanaşmanı göstərməyə bilər. Bu fonda İranın PKK-ya dəstəyində də ciddi geriləmələri müşahidə edə bilərik".
 
Qeyd edək ki, Türkiyə İrandan PKK terror qruplaşmasına silah verməməyi və Ankaranın kürd silahlılarına qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib. Bu barədə Türkiyənin "Yeni Şəfəq” qəzeti mənbələrə istinadla məlumat verib.  

"Ötən həftə İraqın Süleymaniyyə şəhərində Türkiyə ilə İran arasında görüş baş tutub. İclasda Türkiyə Xarici İşlər Nazirliyinin və təhlükəsizlik qüvvələrinin nümayəndələri iştirak ediblər. İrandan PKK-ya tədarükün dayandırılması tələb edilib və terror təşkilatına qarşı mübarizədə əməkdaşlıq  təklif edilib", deyə məlumatda qeyd olunub.  

Bildirilib ki, görüşdə İran rəsmiləri PKK-ya heç bir tədarükün edilmədiyini iddia ediblər. Bundan sonra Türkiyə rəsmiləri iranlılara fotodəlillər təqdim ediblər. İran tərəfi arqumentləri təkzib edərək, yüklərin onlara heç bir aidiyyəti olmadığını bəyan edib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->