Dünya ticarətində alternativ dəhliz və marşrutların müəyyənləşdirilməsi, geosiyasi risklər və siyasi proseslərlə yanaşı, iqlim dəyişikliyi ilə əlaqədar qütblərin əriməsi ilə yeni ticarət yollarının da meydana çıxacağı təxmin edilir.
Boğazlar və kanallar yerləşdikləri ölkələrin strateji mövqeyinə çox təsir edir. Süveyşlə yanaşı, sonradan inşa edilən Panama və Nikaraqua kanalları gəmilərin dəniz yollarında qət etdikləri məsafələri qısaldır, eyni zamanda təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə azaldır. Bu mənada dünyada 50-yə yaxın mühüm kanal var.
Qaynarinfo xəbər verir ki, sözügedən kanallardan biri olan Panama suyun səviyyəsini aşağı salan quraqlıq səbəbiylə gündəmə gəlib. Bu inkişaf iqlim dəyişikliyinin ticarət yollarına mümkün təsirləri haqqında müzakirələr açıb. Panama kanalı nümunəsinə əsaslanaraq ekspertlər gələcəkdə qütb buzlaqlarının əriməsinin yeni ticarət yollarını ortaya çıxara biləcəyini proqnozlaşdırırlar.
Avrasiya Araşdırmaları Mərkəzinin baş analitiki Dr. Turqut Kərəm Tuncel Anadolu Agentliyinə (AA) bildirib ki, Atlantik okeanı ilə Sakit okeanı birləşdirən Panama kanalında suyun səviyyəsinin aşağı düşməsi səbəbindən gəmilərin hərəkətində sıxlıq yaranıb. Bu vəziyyətin təkcə geosiyasi məsələlərə görə deyil, həm də iqlim dəyişikliyinə görə ticarət yollarının şaxələndirilməsinin vacibliyini bir daha göstərdiyini ifadə edən Tuncel bunları deyib:
"Təbii ki, vuzlaqların əriməsi məsələsi də var. Arktika regionunda nəqliyyat xətlərinin açılması uzunmüddətli perspektivdə gündəmə gələ bilər. Artıq Rusiya, Çin, ABŞ və Skandinaviya ölkələri arasında mübarizə başlayıb. Alternativ ticarət yollarının inkişafı qlobal ticarət üçün vacibdir. Bu kontekstdə öz coğrafiyamıza nəzər salsaq, Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyədən keçərək Asiya ilə Avropanı quru yolu ilə birləşdirən Mərkəzi Dəhliz yaratmaq daha çox funksional qlobal ticarətin rəvan davam etməsi baxımından əhəmiyyətli bir addım olacaq".
Tuncel Panama kanalının işləməməsi halında dəniz nəqliyyatında yeganə alternativin Argentinanın cənub ucu ilə Antarktida arasındakı Dreyk keçidi olacağını və ya quru yolu ilə əlaqənin təmin ediləcəyini, lakin hər iki halda nəqliyyat xərclərinin artacağını bildirib.
Ankara Hacı Bayram Vəli Universiteti Maliyyə Bölümü Müəllim professoru, Dr. Şafak Ertan Çomaklı qeyd edib ki, Panama kanalı dünyanın ən məşhur süni kanallarından biridir, Sakit və Atlantik okeanları arasında ildə orta hesabla 14 min gəminin keçməsinə imkan verir. Çünki kanal Amerika qitəsinin ən dar bölgəsində yerləşir.
Şirkətlərin və ölkələrin hər zaman daşıma müddətlərini qısaldan, xərcləri azaldan və coğrafi üstünlüklər təqdim edən kanallar kimi qısa yollar axtardıqlarını ifadə edən Çomaklı son 150 ildə kanalların maliyyələşdirmənin siyasi və ölkələrin iqtisadi məqsədləri üçün böyük layihələrə çevrildiyini vurğulayıb.
"Bu strateji marşrutun bir hissəsi olan Kanal İstanbul Layihəsi bu dəhlizi dəstəkləyərək, Türkiyəni bölgədə əhəmiyyətli bir logistika mərkəzinə çevirməyi hədəfləyir. Süveyşdə illik 6 milyard dollar, Panamada 2 milyard dollardan çox ticarət həcmi olduğu halda, Kanal İstanbulun illik gəlir gözləntisi həyata keçdiyi təqdirdə 8 milyard dollar olacaq", deyə Çomaklı bildirib.
Çinin 2019-cu ilin mart ayında Qütb İpək Yolu Layihəsi çərçivəsində Şimal Buzlu Okeana buzqıran gəmilər göndərdiyini xatırladan Çomaklı deyib:
"Qütb İpək Yolu buzlaqların altındakı yeraltı sərvətlərin dünyanın yeraltı sərvətlərinin 95 faizinə uyğun olduğunu proqnozlaşdırmaq baxımından da əhəmiyyətlidir. Bu mənada bu marşrut geostrateji və geosiyasi baxımdan bölgədəki sahilyanı ölkələr başda olmaqla Çin və digər qlobal güclərin də maraq dairəsindədir. Dünya ticarət həcminin getdikcə çeşidlənməsi və artması ilə regional, iqlim və qlobal aktorların yerdən yerə dəyişməsi hər zaman alternativ marşrutların zəruriliyini ortaya qoyur".
Asiya ilə Avropa arasında ticarət və nəqliyyat üç əsas dəhliz vasitəsilə həyata keçirilir. Rusiyanın yerləşdiyi Şimal dəhlizi, İrandan keçən Cənub dəhlizi və Türkiyənin də daxil olduğu Orta dəhliz bir çox ölkələr üçün strateji əhəmiyyət kəsb edir. Lakin Şimal dəhlizindəki risklərlə yanaşı, İrana qarşı embarqolar və Yaxın Şərqdəki münaqişələr səbəbindən Cənub dəhlizi də riskli hesab olunur.
Tarixi İpək Yolunun dirçəldilməsi üçün strateji əhəmiyyət kəsb edən, Türkmənistan və Qazaxıstanın ardınca Türkiyədən Qafqaza, oradan Xəzər dənizinə, Orta Asiya və Çinə uzanan Orta dəhlizin əhəmiyyəti günü-gündən artır.
"Orta dəhliz ilk dəfə 2021-ci ildə Süveyş kanalında quruya çıxan "The Ever Given” gəmisi ilə gündəmə gəlib. 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi Qara dənizin şimalında beynəlxalq nəqliyyat və ticarət xətti olan Şimal dəhlizində təhlükəsizlik problemlərini də gətirib və Türkiyənin də yerləşdiyi Orta dəhlizinin əhəmiyyəti daha da artırıb.
Panama kanalında yaşanan quraqlıq səbəbilə suyun səviyyəsinin azalması səbəbindən gəmilərin kanalda ilişib qalma təhlükəsi və dünya ticarətində axsama təhlükəsi gözlərin yenidən alternativ ticarət yollarına yönəlməsinə səbəb olub.
Bu inkişaflar Pekindən Londona qədər uzanan və illik 600 milyard dollardan çox ticarət dövriyyəsinin mərkəzində olan Orta dəhlizi daha da dəyərli edir.
Aydın
Şərhlər