Prezident İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbasa məktub göndərib.
Qaynarinfo xəbər verir ki, məktubun mətnində deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycan Respublikası ilə Fələstin Dövləti arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Biz dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinə xüsusi əhəmiyyət veririk. Azərbaycan ölkənizlə bağlı bir sıra mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edərək Fələstin məsələsinin həlli prosesinə, regionda sülh və təhlükəsizliyin təmin olunmasına töhfə vermişdir.
İnanıram ki, Azərbaycan-Fələstin dostluq münasibətlərinin xoş ənənələri xalqlarımızın iradəsinə uyğun olaraq həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına əmin-amanlıq və firavanlıq arzulayıram”.
Həmçinin Fələstin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Prezident İlham Əliyevə məktub göndərib:
Məktubun mətnində deyilir:
"Hörmətli cənab Prezident.
Fələstin Dövləti və qardaş Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizə, Sizin vasitənizlə hökumətinizə və qardaş Azərbaycan xalqına Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırmağa şadam.
Xalqlarımız və ölkələrimiz arasında onilliklər ərzində mövcud olan qardaşlıq və əməkdaşlıq münasibətləri qürur duyduğumuz yüksəliş və inkişafa şahidlik etmişdir. İkitərəfli münasibətlərimizin ən yüksək səviyyəyə yüksəldilməsi, ölkələrimiz və xalqlarımızın mənafeyinə uyğun olaraq yeni üfüqlərin açılması üçün birgə səylərin gücləndirilməsinə böyük əhəmiyyət verdiyimizi vurğulamaq istəyirəm.
Bu mühüm diplomatik fürsətdən istifadə edərək Azərbaycanın quruculuq və yüksəliş prosesinə, onun rəhbərliyinin və xalqının gələcək inkişaf və tərəqqisi üçün iradə və müdrikliyinə heyran olduğumuzu bildirirəm.
Xalqımıza, onun ədalətli probleminə, azadlığına və müstəqilliyinə nail olmaq, paytaxtı Şərqi Qüds olmaqla Fələstin dövlətini qurmaq uğrunda apardığı qanuni mübarizəsinə dəstək verən həmrəylik mövqeyinizi yüksək qiymətləndirirəm.
Əziz qardaşım, xahiş edirəm ən xoş arzularımı qəbul edəsiniz. Sizə cansağlığı, xoşbəxtlik və müvəffəqiyyətlər, ölkənizə və xalqınıza xeyir-bərəkət və tərəqqi arzu edirəm”.
Şərhlər