Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb.
Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib.
İddialara görə, bir neçə gün əvvəl Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları əraziyə gələrək baxış keçirib. Daha sonra əraziyə bir maşın daş gətirlib və Hacı Qalib Salahzadənin villasının qapısı hörülüb.
Qaynarinfo məlumatı dəqiqləşdirmək, eyni zamanda olayın səbəbini öyrənmək üçün keçmiş deputatla əlaqə saxlayıb. Hacı Qalib Salahzadə isə baş verənlər barədə danışmaq istəmədiyini deyib: "Mən bu barədə heç nə danışmaq istəmirəm".
Hacı Qalibin sadəcə bu barədə danışmaq istəmədiyini söyləməsi, məlumatı təkzib etməməsi həqiqətən belə bir hadisənin baş verdiyini göstərir.
Bu baxımdan, əməkdaşımız olayın səbəblərini araşdırmağa çalışıb. Məlum olub ki, Bilgəh qəsəbəsinin həmin hissəsi bulvar tipli çimərlik üçün nəzərdə tutulubmuş. Layihəyə görə "Amburan" İstirahət Mərkəzinin sərhədindən tutmuş Nardaran qəsəbəsinə qədər ərazi bulvar olmalı imiş.
Bildirilir ki, Bilgəh qəsəbəsinin həmin hissəsində yalnız Hacı Qalib Salahzadənin deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, "Azərbaycan Hava Yolları" QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılovun, "AzNar" şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların da villaları var. Söhbət bir neçə hektarlıq ərazidən gedir.
Vasif Talıbovun villası
Yeri gəlmişkən, həmin əraziyə düşən küçənin Hacı Qalib Salahzadənin atası Aslan Salahzadənin adını daşıdığı bildirilir. Sabunçu Rayon İcra Hakimiyyətinin saytında da küçənin adı "Aslan Salahzadə" olaraq qeyd edilib.
İddialara görə, Bilgəh bulvarı ilə bağlı layihənin icrasına başlanılarkən bu villaların sökülməsi mümkündür.
Məsələ ilə əlaqədar Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu bələdiyyəsi ilə əlaqə saxlasaq da, zənglərimizə cavab verən olmadı.
Seyid
Şərhlər