"Bir nəfərin ölümü böyük və nüfuzlu bir təşkilatın məhvinə səbəb ola bilməz".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə "Hizbullah" lideri Həsən Nəsrullahın öldürülməsinin təşkilata necə təsir edəcəyindən danışarkən deyib.
Zərdüşt Əlizadə bildirib ki, "Hizbullah" şaxələnmiş, öz quruluşu, tərkibi olan bir təşkilatdır:
"Hizbullah"ın on minlərlə üzvü var. Şaxələnmiş, öz quruluşu, tərkibi olan bir təşkilatdır. Həsən Nəsrullah isə onun rəhbəri idi. Ondan əlavə rəhbərlikdə başqaları simalar da var. Düzdür, "Hizbullah"ın bütün hərbi-siyasi rəhbərliyini İsrail məhv edib. İsrail güclü kəşfiyyatı var. Pul verib insanları satın alır, onlar da gəlib məlumat verir. ABŞ mətbuatının yazdığına görə, Nəsrullahın yerini iranlı cəsus amerikanlılara deyib, onlar da Təl-Əvivə xəbər verib. Bütün bunlara rəğmən, təşkilat məhv ola bilməz. Hansısa bir kadr tapılacaq, onu yeni sədr seçəcəklər və "Hizbullah" mübarizəsini davam etdirəcək".
Qeyd edək ki, sentyabrın 28-də İsrail ordusunun Livanın paytaxtı Beyrut şəhərinin cənub hissəsini bombalaması nəticəsində "Hizbullah" lideri Həsən Nəsrullah öldürülüb. İsrail mediasının yazdığına görə, hərbi aviasiya Beyrutun əsasən şiələr yaşayan, "Hizbullah"ın nəzarətində olan Dahiyə rayonunda çoxmərtəbəli yaşayış binaları və yeraltı sığınacağı bombalayıb.
Bunun nəticəsində təşkilatın bir çox rəhbərləri - İcraiyyə Şurasının sədri Seyid Haşim Səfiəddin, cənub komandiri Əli Kərəki, eləcə də SEPAH-ın Livandakı qüvvələrinin komandiri öldürülüb.
Rüfət Sultan
Şərhlər