İyirmi beş mülki azərbaycanlını qətlə yetirmiş və 10 ildir ki, beynəlxalq axtarış elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş hərbi cani Vaqif Xaçaturyanın Laçın sərhəd-keçid məntəqəsində saxlanılması əhəmiyyətli reallıqları bir daha üzə çıxardı.
Bunu "Report”a açıqlamasında Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.
"Birincisi, bildiyiniz kimi, Prezident İlham Əliyev də dəfələrlə Xocalı qatilləri başda olmaqla, əli azərbaycanlıların qanına batmış hər kəsin cəzalandırılacağını bəyan etmişdi. Xaçaturyanın yaxalanması ilə Azərbaycan dövləti göstərdi ki, heç nə unudulmur və müharibə cinayətlərinə hüquqi qiymətin verilməsi, o cümlədən 30 illik dövrdə sülh və insanlıq əleyhinə cinayətlər törətmiş hər bir cinayətkarın ifşa olunaraq məsuliyyətə cəlb edilməsində nə qədər qətiyyətlidir. Üstəlik, sərhəd-keçid məntəqəsində "böhran şousu"nun davam etdiyi və əksəriyyəti Qərb təmsilçiləri olan çoxtərkibli təxribatçı missiyanın gözü önündə cinayətkarlıqla mübarizədə tərəddüdsüz davranışla Azərbaycan həm də bu bölgədə son sözün kimə mənsub olduğunu göstərdi”, - deputat qeyd edib.
"İkincisi, dünya şahid oldu ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan əraziləri müharibə canilərinin məsuliyyətdən yayınması üçün münbit ekosistemə çevrilib və bu isə bütövlükdə regionun təhlükəsizliyi üçün təhdid yaradır. Sülhməramlı kontingentin komandanlığı isə hansısa maraqlar naminə məsələni görməzdən gəlir. Əks halda beynəlxalq axtarış orderləri rəhbər tutularaq Xaçaturyan və hələ də Qarabağda rahat formada yaşayan digər canilər aidiyyəti üzrə elə sülhməramlı komandanlığının özü tərəfindən təhvil verilməli idi”, - Bəhruz Məhərrəmov vurğulayıb.
Üçüncüsü, baş verənlər Beynəlxalq Qırmızı Xaç Komitəsinin növbəti dəfə iç üzünü açıb: "Qısa müddət öncə qaçaqmalçılıq fəaliyyəti təkzibolunmaz faktlarla sübuta yetirilən BQXK bu dəfə müharibə canilərinin himayəçisi qismində ifşa oldu. Beləliklə də, silahlı münaqişə qurbanlarını qorumaq üçün mandat almış Beynəlxalq Qırmızı Xaç Komitəsi, humanitar fəaliyyət adı altında humanitar hüquq pozuntularının məcmusunu törətmiş və beynəlxalq axtarışda olan caniləri himayə etməklə özünə qarşı çoxsaylı şübhələrin əhatəsini bir az da artırdı. Qaçaqmalçılıq qalmaqalından sonra separatçılara silah daşıması ehtimalları güclənən BQXK, artıq humanitar missiya adı altında separatçıların və müharibə canilərinin sərbəst hərəkətinin təminatçısı olması barədə əsaslı şübhələr meydana çıxardı ki, bu da BQXK-nın fəaliyyətinin bazası olan 1949-cu il Cenevrə Konvensiyası, onun 1977-ci il Protokolu və 2005-ci il Əlavə Protokollarının köklü pozuntusudur”.
Deputat vurğulayıb ki, caninin yaxalanmasından dərhal sonra İrəvandan ucalan etiraz sədaları, əslində 30 il davam edən müharibə cinayətlərinin dövlət səviyyəsində törədildiyini və Ermənistanın bu gün də öz çirkin əməllərinə haqq qazandırmaqda davam etdiyini göstərir ki, bu da qəbuledilməzdir: "İrəvanın qeyri-adekvat davranışı, 25 nəfəri öldürüb, 14 şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirməklə soyqırım, 358 nəfər azərbaycanlını isə hüquqi əsaslar olmadan qanuni yaşadıqları yerlərdən didərgin salmaqla əhalini deportasiya etmə və ya məcburi köçürmə cinayətləri törətməkdə təqsirləndirilən birini və onun timsalında hərbi cinayətkarlar ordusunu müdafiə etməklə Ermənistan göstərdi ki, beynəlxalq birliyin "müstəqil" üzvü kimi cinayətkarlıqla mübarizədə qlobal əməkdaşlıq və birgə səylərdə nəinki heç bir qatqısı yoxdur, əksinə prosesdə ciddi əngələ çevrilib”.
Şərhlər