Xəbər lenti

Hacı Qalib Salahzadə:
Ölkə 13:03 23.05.2024

Hacı Qalib Salahzadə: "Adil Vəliyev məni təhqir edir, yüksək vəzifəli şəxslərin adını çəkir"

Xəbər verdiyimiz kimi, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb. 

Hacı Qalib Salahzadə Qaynarinfo-ya məsələ ilə bağlı açıqlama verib və baş verənləri təsdiqləyib.

O bildirib ki, həmin bağ sahəsini təxminən 20 il əvvəl Nardaran sakinindən 500 min manat ödəməklə alıb: 

"Həmin adamlar bu gün də yaşayırlar. Mənə əvvəlcə o yeri satmaq istəmirdilər. Nardaran ağsaqqalları gəlib dedilər ki, həmin yer bizim ata-baba ərazimizdir və biz yeri satmırıq. Mən özüm də Bilgəhdə doğulduğum üçün onlarla razılığa gələ bildim. Halallıq alaraq, həmin ərazini sənədləşdirib, üzərində mülk tikdirmişəm. O adamların ad-soyadını da deyə bilərəm. İndi isə icra başçısı Adil Vəliyev gəlib 30 adamın içində məni təhqir edir, deyir ki, torpağı oğurlamışam-filan".

Hacı Qalib Salahzadə hazırda Bilgəhdəki bağ evi ətrafında baş verən hadisələrdə birbaşa günahkar kimi icra başçısı Adil Vəliyevi görür: 

"Mən yaşıma, tutduğum mövqeyə görə hadisələrin cəmiyyət tərəfindən xəbərdar olmasını istəmirdim. Amma Adil Vəliyev artıq məni buna məcbur etdi. İcra başçısına sual verdim ki, "ərazidə bu qədər evin olmasına baxmayaraq, mənim qapımı niyə hörürsən". Sualıma cavab olaraq 30 adamın içində məni hədələdi. Dedi ki, "sənin üzərindən maşınla keçərəm". Gör Adil Vəliyev bunu kimə deyir - Hacı Qalib Salahzadəyə? Tanışlarımı bu söz-söhbətə görə geri çəkdim ki, problem çıxmasın. Onlara dedim ki, "çəkilin qırağa, mən özüm Adil Vəliyevlə danışacam. İcra başçısına sual verdim ki, sənə kim səlahiyyət verib gəlib mənim qapımı tikəsən?" Cavabında yüksək vəzifəli şəxslərin adlarını çəkdi, dedi ki, "bura məni onlar göndərib". Bu adları onlarla adamın ortasında dedi, hamı da eşitdi. Adil Vəliyev məni təxribata çəkmək istəyir. Mənim bağımın yanında onlarla ev var. Amma bircə məni fağır bilib, qapımı, hasarımı sökdürüb".

Hacı Qalib Salahzadə uzun müddətdir ki, həmin bağın satılması üçün xeyli şəxs tərəfindən çoxlu təkliflər edildiyini də bildirib: 

"Ad çəkmək istəmirəm. Külli miqdarda vəsait təklif edildi ki, həmin bağı onlara satım. Amma mən təklif olunan heç bir məbləğə bağımı satmaq fikrində olmadığımı dedim. Bu gün Nardaranda, Bilgəhdə mənim bağım və evlərim mövcuddur. Həmçinin övladlarım və nəvələrim var. Onların da burada yaşamaq haqqı var. Mən bakılıyam və bu ərazi də mənim yaşam yerimdir".
 


Hacı Qalib Salahzadə bağ evi ətrafında baş verənləri Bilgəh qəsəbəsində bulvar salınması ilə bağlı olması fikrini də "nağıl" adlandırıb: 

"Bu söhbətlər nağıldır. Bura yaşayış yeri olub və heç bir Bulvar ərazisi üçün və yaxud qeyri-yaşayış obyektləri üçün nəzərdə tutulmayıb. Həmin ərazini öz pulumla alıb, özümə məskən salmışam. Adil Vəliyevdə bunu bilir. Tək mənim torpağımla nə bulvar salınacaq? Dörd tərəfimdə qonşular var".

Qeyd edək ki, Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus villanın qapısı daşla hörülüb. Keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib. İddialara görə, bir neçə gün əvvəl Sabunçu Rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları əraziyə gələrək baxış keçirib. Daha sonra əraziyə bir maşın daş gətirlib və Hacı Qalib Salahzadənin villasının qapısı hörülüb. 

Məsələ ilə əlaqədar ötən gün Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu bələdiyyəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmamışdı. Bu gün yenidən İcra Hakimiyyətinin saytında qeyd olunan nömrələrə zəng etdik, amma yenə də cavab verən olmadı.
 

Vasif Talıbovun villası

Qeyd edək ki,  Bilgəh qəsəbəsinin həmin hissəsində yalnız Hacı Qalib Salahzadənin deyil, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun, iş adamı İsgəndər Xəlilovun, "Azərbaycan Hava Yolları" QSC-nin keçmiş sədri Cahangir Əsgərovun, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin, "AST Telman" kimi tanınan iş adamı Telman İsmayılovun, "AzNar" şirkətinin sahibi, iş adamı Fərhad Əhmədovun və başqa çoxsaylı oliqarxların da villaları var.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->