ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Avstriya hakimiyyətinə İŞİD terror təşkilatının amerikalı müğənni Teylor Sviftin avqust ayında Vyanada verdiyi konsertdə terror aktı törətmək planlarına dair kəşfiyyat məlumatları təqdim edib.
Qaynarinfo "The New York Times"a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin baş direktorunun müavini Devid Koen bildirib.
Onun sözlərinə görə, terrorçular çox sayda - on minlərlə insanı öldürmək niyyətində olublar.
Terroru İŞİD-lə əlaqəsi olan 4 nəfər planlaşdırıb. Kəşfiyyatçıların əldə etdiyi məlumat Avstriya təhlükəsizlik qüvvələrinə şübhəliləri həbs etməyə kömək edib. Axtarışlar zamanı onların bəzilərində bomba komponentləri aşkar edilib. Bundan əlavə, bu insanların konsertin keçirildiyi yerə çıxışı olub.
Koen qeyd edib ki, ola biləcək terror aktları ilə bağlı xəbərdarlıqlar adətən ictimaiyyətə açıqlanmır, lakin Avstriyada konsertlə bağlı insident fərqli olub.
Terror aktını planlaşdırmaqda şübhəli bilinən şəxslərin həbsinə avqustun 7-də başlanılıb, avqustun 8-dən isə amerikalı müğənninin Avstriya paytaxtının Ernst Happel stadionunda üç konserti nəzərdə tutulub. Konsertlərə 200 min bilet satılıb. Səlahiyyətlilərin xəbərdarlığından sonra konsertlər ləğv edilib.
Aydın
Şərhlər