Müasir dövrdə medianın yeni formalaşan trendləri özü ilə birlikdə pozitiv tendensiyalar formalaşdırmaqla yanaşı informasiya təhlükəsizliyi üçün yeni texnoloji təhdidlərə də səbəb olur.
"Report" xəbər verir ki, bu fikirləri Medianın İnkişafı Agentliyinin sədri Əhməd İsmayılov Mətbuat Şurasının təşəbbüsü ilə "Müasir mediada yeni trendlər:informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsi, ölkənin informasiya mühitinin çirkləndirilməsi hallarının qarşısını almaqla yanaşı, eyni zamanda medianın və bütövlükdə jurnalistikanın peşəkarlıq səviyyəsinin artırılması müasir dövrün vacib çağırışlarındandır: "Bu baxımdan Mətbuat Şurasının məhz belə aktual mövzuda tədbir keçirmək təşəbbüsü diqqətəlayiqdir".
Ə.İsmayılov bildirib ki, medianın cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması, demokratik dəyərlərə hörmətin bir hissəsi kimi fundamental hüquq olan düzgün informasiya almaq hüququnun realizəsi, bu yolla ictimaiyyət və media arasında qarşılıqlı etimadın artırılması dövlətin əsas məqsədlərindəndir.
"Media islahatları zəngin ənənələri olan Azərbaycan mətbuatının simasını müasirləşdirərək onun yeni inkişaf mərhələsinə qədəm qoymasına təkan vermiş, ictimai rəydə jurnalistin nüfuzunun artırılması yönündə ciddi nəticələrə səbəb olub. İlk dəfə olaraq cəmiyyətin media savadlılığının yüksəldilməsi kimi strateji kurs həyata keçirərək, sistemli, konseptual yanaşma sərgiləyib.
44 günlük Vətən Müharibəsində qazanılan qalibiyyət medianın da inkişafına impuls verib, yeni mərhələnin başlanmasını şərtləndirib. Prezident İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı ilə medianın inkişafında yeni bir mərhələnin bünövrəsi qoyulub", - Agentlik sədri qeyd edib.
Şərhlər