"Bu təklif məntiqsizdir. Belə bir addım iş yerlərində qadınlara qarşı diskriminasiyanın artmasına gətirib çıxara bilər".
Bunu Qaynarinfo-ya açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov deputat Tahir Rzayevin qadınların işə 1 saat gec gəlməsi və işdən 1 saat tez çıxması barədə verdiyi təklifi şərh edərkən deyib.
"Dövlətin siyasəti qadınların əmək bazarında kişilərlə bərabər qalması, rəqabətli əmək bazarında rəqabət apara bilmələrindən ibarətdir. Lakin bu təklifin mənası odur ki, qadın evdə oturub ərinin paltarını yumalı, yemək bişirməlidir. Ona görə də təklifin hüquqi əsası yoxdur və gender bərabərliyinə ziddir. Eyni zamanda, işəgötürən buna razı ola bilməz", deyə ekspert bildirib.
Həmsöhbətimizin fikrincə, təklifin reallaşması iş rejimini poza bilər:
"Elə kollektiv var ki, orada çalışanlar yalnız xanımlardan ibarətdir. Yaxud da elə iş yeri var ki, kollektiv əmək tələb edir. Həmin iş yerində operator qadının işə bir saat gec gəlib, bir saat tez getməsilə hansısa aqreqatın işə salınmaması ilə həmin müddətdə iş dayanacaq. Yəni səslənən təklif məntiqi olmayan, absurd, gülünc təklifdir".
Qeyd edək ki, Milli Məclisin deputatı Tahir Rzayev qadınların iş saatı ilə bağlı məsələdə dəyişiklik edilməsini təklif edib. Deputat bildirib ki, qanunvericiliyə qadınların iş saatının azaldılması məsələsi salınmalıdır. Bu əsasda deputat təklif edib ki, qadınlar işə 1 saat gec gəlsin, işdən isə 1 saat tez çıxsın:
"Belə olarsa, qadınlar ailə münasibətlərində, ev işlərində, uşaq qayğılarında daha uyğun vaxt qazana bilər".
Rüfət Sultan
Şərhlər