Xəbər lenti

Deputat:
Ekonomiks 12:20 19.04.2024

Deputat: "Bu, maliyyə pozuntularının erkən aradan qaldırılması üçün faydalıdır"

"Təqdim edilən hesabat 2023-cü ildə Hesablama Palatasının iş planı ilə nəzərdə tutulmuş və həyata keçirilmiş kənar dövlət maliyyə nəzarəti tədbirləri, büdcə qanunvericiliyinin tələb etdiyi fəaliyyət, həmçinin palatanın hesabat ilində cari fəaliyyəti ilə bağlı digər məlumatları özündə əks etdirir. Hesabata audit, analitik və monitorinq fəaliyyəti ilə bağlı məlumatlar daxil edilib. Bu ilki hesabatda da nəticə əsaslı büdcə modelindən istifadə edilib. Yəni, planlaşdırılmış və icra edilmiş fəaliyyətlər müvafiq büdcə və nəticə göstəriciləri qeyd olunmaqla göstərilib".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib. 

O bildirib ki, Palatanın strateji planının 2023-cü il üçün əməliyyat planının 91.7% icra olunması təqdirəlayiq hal hesab edilir:

"Qeyd edim ki, 2022-ci ildə bu göstərici 81.3% idi. Hesabatda audit təsirinin ölçülməsi üzrə tətbiq edilən yanaşmanın genişləndirilməsini, fəaliyyətin kəmiyyət göstəriciləri ilə yanaşı keyfiyyət göstəriciləri, o cümlədən nəzərə alınmış təklif və tövsiyyələr barədə məlumatların verilməsini də təqdirə layiq hal hesab edirik. Hesabatda Palata tərəfindən ilk dəfə olaraq həyata keçirilən hökumət əsaslı Dayanıqlı İnkişaf Məqsədlərinin qiymətləndirilməsi, konsolidə edilmiş maliyyə hesabatlarının auditinin aparılması, investisiya fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi haqqında geniş məlumatlar verilib. Biz bu istiqamətlərdə palatanın fəaliyyətini məqbul hesab edirik. İşğaldan azad edilmiş ərazilərdə dünyada misli görünməmiş geniş bərpa-quruculuq işləri həyata keçirilmiş, əldə etdiyimiz zəfər daha da möhkəmlənib. 2023-ci ildə ölkədə makro-iqtisadi sabitlik qorunub saxlanılmış, insanları narahat edən inflyasiya isə cilovlanıb. Bu ildə ÜDM 1.1%, qeyri-neft-qaz sektorunda ÜDM isə 3.7% artıb. ÜDM mütləq ifadədə hesabat ilində 123 mlrd manata çatıb. Dövlət büdcəsinin gəlirlərinin 35 mlrd 574.8 mln manat, xərclərinin isə 36 milyard 458.5 milyon manat icra edilməsi palatanın potensial fəaliyyət dairəsinin 2023-ci ildə daha da artdığını deməyə imkan verir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dövlət xərclərinə nəzarətin artırılmasını, maliyyə intizamının, resurslardan istifadənin səmərəliliyinin səviyyəsinin yüksəldilməsini bütün dövlət orqanlarının diqqət mərkəzində olmalı olduğunu əsas vəzifələrdən biri kimi müəyyən edib. Qarşıya qoyulan bu tapşırığa əməl edilməsində mühüm missiya yerinə yetirən, kənar dövlət maliyyə nəzarətini həyata keçirən, Milli Məclsin bu proseslərə effektiv nəzarətinin artmasında mühüm analitik məlumat mənbəyi rolunu oynayan Hesablama Palatasının fəaliyyəti, bu fəaliyyətin güclənməsi və səmərəliyinin artması bizim əsas hədəflərmizdən biridir. İqtisadi siyasət komitəsinin iclasında aparılmış geniş müzakirələrdən sonra gəlinmiş bir çox qənaəti sizinlə bölüşmək istərdim. Qeyd edim ki, Palatanın fəaliyyətindəki güclü və zəif tərəflərin hesabatda şəffav əks olunması bu istiqamətdə açıq və səmərəli müzakirələrin aparılmasına şərait yaradıb. Hesabatın geniş, informativ olmasını, qısa icmalın və təqdimatın hazırlanmasını müsbət qiymətləndiririk. Təqdim edilmiş materiallarda palatanın hesabat ilindəki fəaliyyəti barədə əsasən məlumat almaq mümkündür.

Nəzarət tədbirlərinin planlaşdırılmasında deputatların çıxışlarının da nəzərə alınması, nəzarət tədbirlərinin əsasən icra edilməsi və bu barədə audit nətəclərinin Milli Məclisə təqdim edilməsi və dərc edilməsini yaxşı nəticə hesab edirik. Maliyyə auditinin əhatə dairəsinin 8.6 mlrd manata, Uyğunluq auditinin əhatə dairəsinin isə 5.8 milyard manata yüksəlməsini müsbət hal olaraq qeyd edirik. Hesabatda 2 və daha çox sayda audit keçirilmiş obyektlərin 69.6%-də maliyyə intizamının nisbətən güclənməsi qeyd edilib. Bu göstəricidən çıxış etsək, nəzarət tədbirlərini həm maliyyə, həm də fəaliyyət baxımından əhatə dairəsinin davamlı olaraq genişlənməsini vacib sayırıq. Səmərəlilik auditinin fəaliyyət üzrə əhatə dairəsinin genişlənməsi bir çox maliyyə pozuntularının səbəblərinin erkən aradan qaldırılması üçün faydalıdır. Audit sahəsində aparılan araşdırmalar da göstərir ki, nöqsan və çatışmazlıqların erkən müəyyən edilməsi dəyən zərərin əhəmiyyətli hissəsinin qarşısının alınmasına imkan yarada bilir və bu daha səmərəli fəaliyyətdir".

Qafqaz Rafiqoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->