Xəbər lenti

Dünya 20:02 14.08.2024

"Danışıqlar nəticə verməyəcək, çox qanlar axıb" - Ekspert

"Danışıqlar olacaq, amma real nəticə verməyəcək". 

Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov avqustun 15-də Qətərdə Qəzza məsələsilə bağlı keçiriləcək danışıqların növbəti raundundunu şərh edərkən deyib.

Ekspert bildirib ki, HƏMAS-ın yeni lideri Yəhya Sinvarın atəşkəs istəməsi dəqiqləşdirilmiş məlumat deyil:

"Yəhya Sinvar savaşçı bir şəxsdir. Onun HƏMAS-ın başına gəlməsi əks tərəfi danışıqlara vadar edə bilər. Çünki ortada 40 minə yaxın mülki fələstinlinin ölümü və hədəfinə çatmayan hərbi əməliyyat var. ABŞ-ın maliyyə və silah dəstəyinə baxmayaraq İsrail istəyinə nail ola bilməyib. İndi isə regiondakı qaynar durumu bir qədər normal məcraya salmaq lazımdır. Bunun üçün də danışıqlar davam edəcək. Amma real nəticə verməyəcək".
 


Həmsöhbətimizə görə, danışıqlar ona görə real nəticə vermir ki, ABŞ, Türkiyə, İran, qismən Rusiya, ərəb dövlətləri bu məsələdə ortaq məxrəcə gələ bilmirlər:

"Fələstinlilər bu böyük oyunçuların ziddiyyətləri arasında mövcudluq mübarizəsi aparır. İsrail isə Amerika ilə hesablaşmadan heç nə edə bilməz. Danışıqlar olsa da, bu ən yaxşı halda ancaq qısa müddətli atəşkəsin əldə edilməsilə nəticələnəcək".

Qeyd edək ki, İsrailin baş naziri Benyamin Netanyahu ofisinin müşavirinin TASS-a bildirdiyinə görə, Qəzza ilə bağlı növbəti danışıqların avqustun 15-də Qətərdə keçirilməsi planlaşdırılır. Danışıqlarda İsrail nümayəndə heyətinə MOSSAD-Iın direktoru başçılıq edəcək. Məlumatda o da qeyd edilir ki, Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun yeni rəhbəri Yəhya Sinvarın İsraillə atəşkəs sazişi bağlamaq istədiyi məlum olub. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->