Xəbər lenti

Ceyhun Bayramov Türkiyəyə niyə gedib? (ŞƏRH)
Siyasət 15:00 27.08.2024

Ceyhun Bayramov Türkiyəyə niyə gedib? (ŞƏRH)

"Ceyhun Bayramovun Türkiyə səfərini son hadisələrlə əlaqələndirmək lazımdır". 

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovun Türkiyəyə işgüzar səfərini şərh edərkən deyib.

"Gözlənilmədən Ukraynanın Rusiyanın Kursk vilayətinə hərbi müdaxiləsi baş verdi və yeni situasiya yarandı. Bu da müharibədə yeni mərhələnin başlanğıcı deməkdir. Putini təcili Bakıya gətirən əsas səbəblərdən biri də məhz bu yeni vəziyyətlə əlaqədardır. Çünki Kursk vilayətindəki bəzi ərazilərin Kiyevin nəzarətinə keçməsi bir neçə Avropa ölkəsinin Rusiya qazı ilə təminatında problem yaratdı. Bunun da arxasında ABŞ dayanır. Bununla Vaşinqton Moskvaya mesaj verdi ki, artıq Rusiyanın istənilən bölgəsinə hərbi müdaxilə imkanı elan olunur. Moskva verilən bu mesajı anlamazsa, Rusiyanın dərinliklərindəki bütün hərbi strateji obyektlərin vurulması məsələsi də gündəmə gələ bilər. Belədə gələn ilin başlanğıcından Rusiyanın öz qazını sata bilməsi imkanı məhdudlaşır. Deməli Rusiya ilə yeni bir bazarlıq predmetinə gedilir", deyə Natiq Miri bildirib.
 

 
Həmsöhbətimizin fikrincə, belə vəziyyətdə Azərbaycan və Türkiyə kimi qaz mərkəzinə çevrilən ölkələrin geosiyasi əhəmiyyəti artır. Bu isə ABŞ və bəzi Avropa ölkələrini qıcıqlandırır: 

"Ona görə Kursk əməliyyatına dolayısı ilə həm də Azərbaycan və Türkiyəyə təzyiq elementi kimi baxılır. Vaşinqton sürətli qaydada, ABŞ, Avropa Birliyi və Ermənistanın şərtləri əsasında Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalamasını istəyir. Azərbaycan da bunu istəyir. Ancaq bunun üçün hüquqi təminatı da istəyirik. Bu isə indi mümkün olmadığından Bakıya təzyiq edilir". 

Ekspert qeyd edib ki, Ceyhun Bayramovun Hakan Fidanla görüşündə bu məsələlər ciddi təhlil edilməli, qərarlar, preventiv addımlar birgə qəbul olunmalı və kordinasiyalı həyata keçirilməlidir:

"Təzyiq mexanizmlərini neytrallaşdırmaq üçün Türkiyə ilə məsləhətləşmə, birgə davranış və siyasətə ehtiyac var. Həm Rusiya, həm də Azərbaycanla Türkiyə üçün qeyri-müəyyənlik yaradılır. Bu istiqamətdə Azərbaycan, Türkiyə və Rusiyanın müəyyən maraqları uzlaşmaqdadır. Ona görə də Azərbaycan XİN rəhbəri Türkiyəyə səfər edib".

Qeyd edək ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə yollanıb. Səfər çərçivəsində Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü nəzərdə tutulub.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->