Xəbər lenti

Siyasət 14:11 27.04.2024

"Bu səfər Berlin-Bakı münasibətlərinin inkişafına təkan verəcək" - Deputat

"Azərbaycan Prezidentinin Almaniyaya səfəri çoxcəhətli, çoxtərəfli və hər biri ayrılıqda strateji xarakter daşıyan bir missiya idi". 

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfərini şərh edərkən deyib.

Deputat qeyd edib ki, səfərin əsas məqsədi COP29-la bağlı olub:



"Azərbaycan Prezidentinin Almaniyaya səfəri ilk növbədə uçuş marşurutu ilə yadda qaldı. İşğaldan azad olunmuş ərazidə tikilən yeni hava limanından Avropanın ən böyük paytaxtlarından birinə təyyarə ilə getmək "köhnə qitə"də Azərbaycan gerçəklikləri və beynəlxalq hüququn təntənəsinin bir daha nümayiş etdirilməsidir. Almaniya dünyanın ən böyük iqtisadiyyatına malik ölkələrdəndir. Avropada isə bu məsələdə birinci ölkədir. Bu da öz-özlüyündə qlobal iqlim dəyişikliyində də Almaniyanın mühüm rol oynaya biləcəyinin göstəricisidir. Almaniya sənaye ölkəsidir. Qlobal ekoloji problemləri tətikləyən, onu yaradan sənaye mərkəzlərindən biri də Almaniyadır. Yəni qlobal iqlim dəyişikliyilə mübarizədə aparıcı dövlətlərin daha böyük işlər görməsi vacibdir".



Deputat bildirib ki, Almaniya qlobal iqlim dəyişikliklərilə bağlı konkret plan və qərarları olan ölkələrdəndir:

"Almaniya 2030-cu ilə qədər enerjisinin 80 faizini yaşıl enerjiyə keçirməyi planlaşdırır. Bu mənada İlham Əliyevin səfərinin əsas məqsədi COP29-la bağlı idi".

Həmsöhbətimiz qeyd edib ki, Bakıda keçiriləcək COP29 kimi qlobal tədbirin Berlində müzakirəsi həm də Almaniya-Azərbaycan münasibətlərinin göstəricisi hesab edilə bilər:

"Qafqaza münasibətdə Fransanın önə keçməsilə sanki Almaniya kimi nəhəng ölkənin rolu gözardı edilirdi. Bilirdik ki, nə ABŞ, nə də Almaniya icazə verməz ki, Qafqaza özünün neokolonialist siyasətilə seçilən Fransa gəlsin. Bu ölkələr NATO üzrə nə qədər müttəfiq olsalar da, eyni zamanda bir-birilə rəqabət də aparır".



Hikmət Babaoğlu düşünür ki, regionla bağlı Emmanuel Makronun neokolonialist iddialarının gündəmdən çıxarılması istiqamətində də Belinə gerçəkləşən belə bir səfər mühüm idi:

"Yəni Azərbaycan Prezidentinin Almaniyaya səfəri çoxcəhətli, çoxtərəfli və hər biri ayrılıqda strateji xarakter daşıyan bir səfər idi. Bu həm də bundan sonrakı mərhələdə Berlin-Bakı münasibətlərinin inkişafına təkan verəcək". 
 


Qeyd edək ki, Azərbaycan Prezidenti aprelin 26-də Almaniyada səfərdə olub. Burada o, Almaniya kansleri Olaf Şolts, ölkə Prezidenti Frank-Valter Ştaynmayer və xarici işlər nazir Annalena Barbokla görüşlər keçirib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->