Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri də erkən nikahlarla bağlıdır. Təəssüflər olsun ki, Azərbaycanda da belə halların sayı az deyil.
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Məcəllənin 1.5-ci maddəsində isə qeyd olunur ki, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyil.
Azərbaycanda nikah yaşı 18-dir və bu yaşdan aşağı şəxslərin ailə qurmasına ivcazə verilmir.
Modern.az cari il ərzində qarşısı alınan erkən nikahların sayı ilə bağlı məlumat əldə etmək üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə eləcə də Komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə erkən nikah və uşaq evliliyi ilə bağlı məlumat daxil olan kimi Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin, yerli icra hakimiyyətlərinin və polisin nümayəndəsinin iştirakı ilə ailələrə səfərlər təşkil edilir, bu cür nikahlara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur, belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür:
Cari il ərzində Dövlət Komitəsinə erkən evliliklərlə bağlı 16 müraciət daxil olub. Müraciətlər araşdırılmışdır. Ümumilikdə 16 müraciətdən 11-nin qarşısı alınıb, 1- nin əsassız olduğu müəyyən edilib”.
Verilən məlumata görə, bununla yanaşı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən il ərzində erkən nikah və uşaq evliliyi ilə bağlı 15 ailə səfəri olub:
"Onlardan 10-u Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə erkən nikah və nikaha məcbur etmə ilə bağlı daxil olan müraciətlər əsasında, 2-si uşaq evliliyi ilə bağlı mediadan daxil olan müraciətlər əsasında olub, 3 erkən nikah halı isə Mərkəzlər tərəfindən aşkarlanıb. Ailə səfərləri nəticəsində 7 erkən nikah halının qarşısı alınıb, 4 müraciət əsasssız hesab olunub (erkən nikah halı aşkarlanmayıb).
Eyni zamanda Dövlət Komitəsi və Komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələrinə də aidiyyətı qurumların nümayəndələrinin iştirakı ilə səfərlər təşkil edilir, uşaqlarla fərdi profilaktik işlər aparılır, erkən nikah və uşaq nikah faktlarının aşkarlanması, həmin ailələrə səfərlərin təşkili, nikahın qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür”.
Şərhlər