Demarkasiya və delimitasiya üçün əsas 1976-cı il xəritələridir. Bu xəritələrdən Ermənistanın harada olduğunu, Azərbaycanın harada olduğunu bilirik. Bu xəritələrə görə, ER-Azərbaycan sərhədi tamamilə mövcuddur və onlara görə Ermənistana məxsus hər şey Ermənistanda qalacaq.
Publika.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ictimai televiziya şirkətinin efirində deyib. Qriqoryan "Azərbaycan fikrini dəyişsə nə olacaq” sualına cavab verib ki, beynəlxalq ictimaiyyətin güclü dəstəyi ilə irəli getmək olar.
O, 25 hektar ətrafında gedən söhbətlərə münasibət bildirərək qeyd edib ki, bu məsələdə "blef” yoxdur, bu ərazi Ermənistana qaytarılır. O, həmçinin qeyd edib ki, ümumilikdə Bağanis, Voskepar və Berkaberdə heç bir problem yoxdur, lakin Kirantsada müəyyən problemlər yaranıb.
"Bəli, Kirantsada müəyyən problemlər var. 1976-cı ilin xəritəsinə görə Ermənistan ərazisində qalmayan 4 bina var. Bu binalardan biri ev, digəri kiçik ev, növbətisi treyler mağazası, digəri qarajdır. Bütün bu problemlər hökumətə ünvanlanıb. Biz bütün bu problemləri həll edəcəyik. Biz tamamilə Ermənistan Respublikasının ərazisindən keçəcək yol çəkəcəyik. Bu proseslə biz daha çox təhlükəsizlik təminatları yaradırıq”, - deyən Qriqoryan qeyd edib ki, qaz kəməri baxımından da heç bir problem yoxdur.
"Bu proses bizi müharibəyə yaxınlaşdırır, yoxsa uzaqlaşdırır”, sualına cavab verən Qriqoryan qeyd edib ki, bu, sülh və sabitliyin bərqərar olması üçün edilir.
Şərhlər