"Azərbaycanın BRİCS çərçivəsində əlaqələri inkişaf etdirməsi də doğru qərardır".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycanın Kazanda keçirilən BRİCS sammitində iştirakını şərh edərkən deyib.
Deputat vurğulayıb ki, bu gün dünyada və regionumuzda gedən proseslərdə Azərbaycan fəal şəkildə iştirak edir:
"Kazanda keçirilən BRİCS sammitində təkcə Azərbaycan deyil, digər dövlətlər də iştirak edir. Həmin tədbirin əhəmiyyəti böyükdür. Azərbaycanın BRİCS-də də fəaliyyəti önəmlidir. Çünki bu gün açıq şəkildə Qərb dairələrinin Azərbaycana qarşı qərəzini, ikili standartları, ədalətsiz yanaşmasını görürük. Bu özünü bütün istiqamətlərdə göstərir. Azərbaycan bütün platformalarda əməkdaşlıqda maraqlıdır. BRİCS də yeni yaranan təşkilatdır. Amma buna baxmayaraq, görünən odur ki, həmin təşkilatın perspektivi çox böyükdür. Burada Azərbaycanla yanaşı, Türkiyə və digər region dövlətləri də fəal iştirak edir. Bu mənada hesab edirəm ki, Azərbaycanın BRİCS təşkilatı çərçivəsində əlaqələri inkişaf etdirməsi də doğru qərardır".
Deputatın fikrincə, həmin təşkilatın gələcəkdə nüfuzlu təşkilata çevriləcəyi səbəbindən BRİCS-lə əməkdaşlığımız olduqca önəmlidir:
"Bu, Azərbaycana gələcəkdə yeni imkanlar vəd edir. Gələcəkdə Azərbaycanın BRİCS-dəki fəaliyyəti daha aktiv fazaya da keçə bilər. Qoşulmama Hərəkatının güclü təşkilata çevrilməsində Azərbaycanın böyük rolu olub. Bu mənada gələcəkdə BRİCS çərçivəsində də öz sözünü deyə bilər".
Qeyd edək ki, Azərbaycanın Kazanda keçirilən BRİCS sammitinə dəvət edilməsi və orada iştirakı onun nüfuzuna verilən qiymətdir. Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Qoşulmama Hərəkətındə uğurlu sədrlikdən üzü bəri Azərbaycan bu təşkilatda hələ də aktiv və səmərəli fəaliyyət göstərir.
Həmçinin, Azərbaycan COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu konteksdə son illər həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir.
Rüfət Sultan
Şərhlər