Xəbər lenti

Blinken Lavrov gəlmədən Skopyeni tərk etdi
Dünya 13:13 30.11.2023

Blinken Lavrov gəlmədən Skopyeni tərk etdi

ABŞ dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovun gəlişindən əvvəl ATƏT-in iclasının keçirildiyi Skopyeni tərk edib.

Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu”nun Balkan xidməti məlumat yayıb.

Qeyd olunur ki, Blinken Şimali Makedoniyanın xarici işlər naziri və ATƏT-in sədri Buyar Osmani, eləcə də ölkənin baş naziri Dimitar Kovaçevski ilə görüşlər keçirib. Dövlət katibi ATƏT-in sammiti çərçivəsində şam yeməyində iştirak edib və Lavrov gəlməmiş Şimali Makedoniyanı tərk edib.

Blinken "X” səhifəsində ATƏT-dəki həmkarları ilə "məhsuldar söhbətlər” apardığını bildirib.

"Rusiyanın maneəçilik etməsinə baxmayaraq, biz ATƏT-ə, onun təsis prinsiplərinə və gördüyü mühüm işlərə tam sadiqik”, deyə Blinken yazıb.

Osmani Blinkenə ATƏT-ə sədrliyi zamanı "müstəsna dəstəyə” görə təşəkkür edib.

Kovaçevski ilə görüşdə Blinken bildirib ki, Birləşmiş Ştatlar Şimali Makedoniyanın NATO müttəfiqi, eləcə də Qərbi Balkanlarda sabitlik amili kimi töhfəsini yüksək qiymətləndirir.

O, həmçinin qeyd edib ki, ölkəsi Şimali Makedoniyaya Avropa İttifaqına üzvlük yolunda dəstəyini davam etdirəcək.

Bundan əvvəl Blinkenin ATƏT-in iclasında iştirak edəcəyi, lakin Lavrovla görüşməyi planlaşdırmadığı bildirilirdi.

Xatırladaq ki, noyabrın 30-dan dekabrın 1-dək Şimali Makedoniyanın paytaxtı Skopye şəhərində ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin görüşü planlaşdırılır.

Noyabrın 28-də Ukrayna Xarici İşlər Nazirliyi Lavrovun sammitdə iştirakı ilə əlaqədar Dmitri Kulebanın ATƏT-in nazirlər toplantısında iştirak etməyəcəyini açıqlayıb.

Latviya, Litva və Estoniya da bildiriblər ki, xarici işlər nazirləri də Lavrovun iştirakı ilə bağlı ATƏT Nazirlər Şurasında iştirak etməmək qərarına gəliblər. Daha sonra Polşanın xarici işlər naziri Şimon Şinkovski vel Senk də oxşar qərarı açıqlayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->