Xəbər lenti

Berbok Rusiyanın hədəfləri haqqında: Ukrayna məğlub olsa, növbədə Moldovadır
Dünya 18:00 17.09.2024

Berbok Rusiyanın hədəfləri haqqında: Ukrayna məğlub olsa, növbədə Moldovadır

Ukraynaya yardım Moldovanın təhlükəsizliyinə də töhfə verir. Ukraynanın məğlubiyyəti Moldovanı risk altında qoya bilər, buna görə də Kiyevin dəstəyi region üçün çox vacibdir.

Qaynarinfo "Reuters”ə istinadən xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.

"Ukraynanı dəstəkləmək üçün etdiyimiz hər şey həm də Moldova ilə bağlı stabilləşməni təşviq etmək deməkdir” deyə o vurğulayıb.

Berbok Moldova Tərəfdaşlıq Platforması çərçivəsində Kişinyovda Fransa, Rumıniya, Polşa, Niderland və Litvanın xarici işlər nazirlərinin də iştirak etdiyi toplantıda çıxış edib. Platforma Almaniya tərəfindən 2022-ci ildə Moldova iqtisadiyyatını gücləndirmək və onu Rusiyanın dezinformasiyasından qorumaq üçün yaradılıb.

Moldova prezidenti Maya Sandu vurğulayıb ki, Ukraynadakı müharibə Moldova iqtisadiyyatına ciddi ziyan vurur və ölkənin inkişafını çətinləşdirir.

"Müharibənin səbəb olduğu qeyri-müəyyənlik iqtisadi inkişafımıza ciddi şəkildə mane olmaqda davam edir və müharibə davam etdikcə də iqtisadi inkişafımıza ciddi şəkildə mane olmağa davam edəcək", - Sandu bildirib.

Platforma çərçivəsində Moldovaya iqtisadiyyatın dəstəklənməsi üçün 300 milyon avrodan çox kredit və 80 milyon avro qrant ayrılıb.

Müttəfiqlər, həmçinin Moldovanın Avropa İttifaqına qoşulmaq səylərini dəstəklədiklərini təsdiqləyiblər. Fransa, Almaniya və Polşa həm ikitərəfli, həm də Aİ ilə tərəfdaşlıq çərçivəsində ölkənin müdafiəsini gücləndirməyə kömək etməyə hazır olduqlarını bəyan ediblər.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->