Ötən mövsümün gedişində Peşəkar Futbol Liqası Azərbaycan çempionatının internet üzərindən yayım hüququnu satmışdı. İstifadəçilər müəyyən məbləğdə pul ödəməklə bizim çempionatın oyunlarına baxa biləcəkdilər. Digərləri isə bu hüquqdan məhrum olacaqdı. Mövsüm bitdi, həmin sözləşmə də sona çatdı. Yeni mövsümün startında bu barədə müxtəlif müzakirələr aparılsa da, hələlik yeni sözləşmə barədə bir xəbər yoxdur. Sözün düzü, heç olacağına da inanmıram.
"Niyə” sualının cavabı çox sadədir. Bizim çempionatda iştirak edən komandaların mütləq əksəriyyəti cansıxıcı oyun elementlərinə üstünlük verir, 90 dəqiqəlik qarşılaşmanı izləyəndə adamı yuxu basır. Sözsüz ki, bu mənada istisnalar da var. "Qarabağ”ın iştirakı ilə keçirilən oyunlar az-çox azarkeş marağına səbəb olur, futbolsevərlər həm ekran başında, həm də tribunalarda "köhlən atlar”ı izləməyə çalışırlar. Vəssalam. Qalan hansı komandanın oyununda baxımlı futbolun işartıları, bol hücum cəhdləri, bir-birindən gözəl qollar izləmək mümkündür? Təəssüf ki, heç birində.
Həftəsonları şəhərin iaşə obyektlərində, gənclərin toplaşdığı məkanlarda kiçik bir eksprement aparmaq kifayətdir. Ora toplaşanlar Avropanın bir çox aparıcı futbol ölkələrinin çempionatlarına baxırlar. Xüsusən də Türkiyə Superliqasında "Qalatasaray”ın, "Fənərbaxça”nın, "Beşiktaş”ın iştirakı ilə keçirilən oyunlar böyük maraq doğurur. Elə Madrid "Real”ının, "Yuventus”un, yaxud da "Bavariya”nın oyunlarını da bu siyahıya əlavə etmək olar. Futbolsevər gənclər həftəsonu bir araya gəlib dincəlir, həm də futbola baxıb zövq alırlar. Demək olar ki, heç bir yerdə Azərbaycan çempionatının oyunlarının maraq doğurduğunu, gənclərin böyük həyacanla bizim klubların iştirakıyla keçən qarşılaşmalara baxdığını görmək mümkün deyil.
Filmlərimizin birində deyilən məşhur kəlamı bir qədər dəyişdirsək, belə sual edə bilərik: Nəyə baxacaqlar? Kimə baxacaqlar? Ötən tur "Kəpəz” "Sabah”dan xal almağın sevincini yaşayırdı. Amma futboldan birbalaca baş çıxaran hər kəs yaxşı başa düşürdü ki, gəncəlilərin Masazırdan apardığı bir xal sırf təsadüf nəticəsində qazanıldı, hansısa düşünülmüş kombinasiyanın hesabına yox. "Sabah” meydana təcrübəsiz qapıçıyla çıxdı və onun iki epizoddakı kobud səhvi həlledici oldu. Qapıçının üstünə iki dəfə top gəldi, onların ikisi də qolla nəticələndi. Mən oyundan sonra keçirilən mətbuat konfransında "Kəpəz”in belə oyunla nəyə ümid etdiyini komandanın baş məşqçisi Azər Məmmədovdan soruşdum. Sevinci yerə-göyə sığmayan çalışdırıcı oyundan-oyuna daha yaxşı çıxış etdiklərini, nəticələri də yaxşılaşadıracaqlarını dedi. Sonrası nə oldu? "Kəpəz” bu tur doğma meydanda "dişsiz oyunla” "Qəbələ”yə uduzdu və sonuncu pilləni rəqibindən təhvil aldı. Bu yerdə onu da qeyd edim ki, "Kəpəz” bu mövsüm öz meydanında "Turan Tovuz”a, "Səbail”ə, "Araz Naxçıvan”a da boyun əyib.
Mütəxəssislərin yaxşı bir sözü var. Deyirlər ki, sən yaxşı, baxımlı futbol oyna, nəticə də gec-tez gələcək. "Kəpəz”in meydanda vaxt öldürməsinin "mükafatı” turnir cədvəlində tutduğu yerdir. Bir də baş məşqçi Azər Məmmədovla kluba rəhbərlik edən İlqar Nadirlinin eşitdiyi "istefa” şüarları. Təəssüflər olsun ki, "Kəpəz”in yaxın qonşusu "Turan Tovuz” da "oxşar xəstəlik”dən əziyyət çəkir. Qərb təmsilçisi sonuncu turda "Neftçi”dən elə qorxub-çəkinirdi ki, sanki tovuza "Real”, yaxud da "Barselona” gəlmişdi. Halbuki, "Turan Tovuz” bu tura qədər "Neftçi”dən daha çox xal toplamışdı, turnir cədvəlində də onu qabaqlayırdı. Heç Mutunun "Neftçi”si də hücum futbolu ilə fərqlənmir, azarkeşlərini baxımlı oyunla sevindirə bilmir.
Uzun sözün qısası, klublarımızın başbilənləri də, baş məşqçiləri də, elə futbolçuları da papaqlarını qarşılarına qoyub, yaxşı-yaxşı düşünməlidilər. Belə futbolla uzağa getmək olmaz.
Amal Abuşov
Şərhlər