Son vaxtlar Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində evlərin kütləvi şəkildə satışa çıxarılması müşahidə olunur. Bir neçə il öncəyə kimi Abşeronda mənzil və həyət evi satışında "liderlərdən” olan Xırdalan şəhərində hazırda tam əks tendensiya hökm sürür. Vəziyyəti tam müşahidə çetmək üçün mənzil satışı ilə məşğul olan bir neçə saytı ziyarət etmək kifayətdir. Üstəlik, bu cür evlər bazar dəyərindən olduqca ucuz qiymətə təklif olunur.
Bəs Xırdalanda evlərin kütləvi formata satılmasının əsas səbəbi nədir?
Mövzu ilə bağlı Yenisabah.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, Xırdalandakı vəziyyət tıxac və digər faktorlardan daha çox evlərin sənədsiz olması ilə bağlıdır:
"Ümumən deyə bilərəm ki, xüsusilə Xırdalan üçün evlərin bu cür ucuz və kütləvi satışı sırf tıxacla bağlı deyil. Bir müddət öncəyə qədər sənədsiz evlərin sənədləşirilməsi ilə bağlı yenilik gözlənilirdi. Hazırda bu proses yubandı. Bu qərar hələki qəbul olunmur. Xırdalandakı tendensiya da bu nüanslarla bağlı ola bilər. Azərbaycanda əhalinin, xüsusən mənzil alan şəxslərin yanaşma tərzi tamamilə fərqlidir”.
Ekspert Azərbaycanda ev məsələsinə yanaşmanın xaricdən fərqli olduğunu vurğulayıb:
"Müşahidələr göstərir ki, Azərbaycanda insanlar mənzil alarkən komunal infrastruktura ən axırıncı məsələ kimi baxır. Bizdə evlərə yaşayış yeri kimi baxılmır. Məsələn, avropalılar evə belə baxırsa, bizdə mənzil sahibi olmaq demək olar ki, vacibiyyat və həyat tərzidir. Hətta bizdə evi olmayan oğlana qız vermirlər. Bu nöqteyi-nəzərdən insanlar ev məsələsinə ciddi yanaşdıqlarından, sənədsiz evlərini satıb, hökmən sənədləri qaydasında olan ev almaq istəyirlər. Bu təkcə Xırdalanda deyil, paytaxtın bir sıra fərqli ərazilərində də belədir”.
Şərhlər