Getdikcə cəmiyyətdə fikirlər daha da genişlənir ki, 18 yaşdan aşağı nikaha icazə verilməsin. Biz bu məsələni qaldırmışıq. Yerlərdə icra hakimiyyəti orqanları da nikah yaşının azaldılması ilə bağlı hazırkı istisnanın vəziyyətə mənfi təsir etdiyini təsdiqləyirlər.
Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
O qeyd edib ki, qanunvericiliyə dəyişiklik etmək kifayət qədər vaxt və iradə tələb edən prosedurdur. "Biz hazırda "Ailə Məcəlləsi"nin müvafiq maddəsində əksini tapan normanın aradan qaldırılması üçün bütün əlaqədar tərəflərin rəyini əldə etməklə yanaşı cəmiyyətdə də geniş maarifləndirmə işinin aparılmasına üstünlük veririk.
Hesab edirəm ki, qanuna dəyişiklik mütləq olmalıdır və 18 yaşdan aşağı nikaha istisna hallarda belə icazə verilməsinə son qoyulmalıdır.
Belə təkliflər həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də ekspertlər tərəfindən aktiv şəkildə irəli sürülür. Bunu bizim son 3 ildə apardığımız təhlillər və tədqiqatların nəticələri də sübut edir.
Ənənəvi və rəqəmsal media orqanları isə bu prosesdə böyük rola malikdir.
İnanıram ki, birgə səylərimiz nəticəsində bu məqsədə nail olacağıq", - deyə B.Muradova əlavə edib.
Qeyd edək ki, hazırda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunub. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bilər.
Şərhlər