"Avropa Şurasının təhlükəsizlik və siyasi məsələlər üzrə komitə üzvlərinin bölgəmizə səfəri regiona artan marağın nəticəsidir".
Bunu Qaynarinfo-ya açıqlamasında QAFSAM sədrinin müavini Nazim Cəfərsoy deyib. Ekspert bildirib ki, son dövrlər Avropanın bölgəmizə yönəlik marağı ciddi şəkildə artıb:
"Bölgəyə gerçəkləşəcək bu səfər də ilk növbədə həmin artan marağın nəticəsidir. Səfərin ikinci motivi isə son dövrlər Qərblə Rusiya arasında Ukrayna uğrunda yaşanan gərginliklə əlaqədardır. Bu gərginlik həm iqtisadi, həm enerji təhlükəsizliyi, həm də geosiyasi rəqabət baxımından bölgəmizə marağı artırıb. Səfərdə digər məqsəd isə son zamanlar Bakı ilə İrəvan arasında gedən müzakirələr və bu fonda Avropanın göstərdiyi təşəbbüskarlıqla bağlıdır. Səfərin həyata keçməsində digər motiv isə aprelin 5-də Brüsseldə ABŞ, Aİ və Ermənistan arasında olan görüş və Bakının bu fonda haqlı narazılığı ilə bağlıdır".
Nnazim Cəfərsoy vurğulayıb ki, belə vəziyyət Avropanın Azərbaycanla Ermənistan arasındakı balansı pozmasının yeni nümunəsi olaraq xarakterizə edilir:
"Ona görə də regiona ediləcək bu səfər Qərbin daha balanslı görünmək və Azərbaycanın narahatlığını nəzərə almaq mahiyyəti də daşıyır".
Qeyd edək ki, Ermənistan mətbuatının yazdığına görə, Avropa Şurasının təhlükəsizlik və siyasi məsələlər üzrə komitə üzvləri aprelin 8-də Cənubi Qafqaz ölkələrinə səfər edəcəklər. Regiona səfər çərçivəsində onlar Gürcüstan, Azərbaycan və Ermənistanda olacaqlar. Səfərin məqsədi regionda baş verən hadisələr barədə məlumat almaq və Azərbaycanla Ermənistan arasında sülh prosesilə tanış olmaqdır.
Rüfət Sultan
Şərhlər