Almaniyanın xarici işlər naziri Annalena Berbok "Taurus" uzaqmənzilli raketlərinin Ukraynaya təhvil verilməsini dəstəklədiyini, lakin təəssüf ki, bu məsələdə alman siyasətçiləri arasında birlik olmadığını bildirib.
Qaynarinfo xəbər verir ki, nazir bu barədə "Bloomberg" agentliyinə müsahibəsində danışıb.
Berbok bildirib ki, o, sərhədə yaxın olduğu üçün effektiv hava hücumundan müdafiəni təşkil etmək mümkün olmayan Xarkova səfər edib və bu səbəbdən Ukrayna üçün uzaqmənzilli raketlərin əhəmiyyətini anlayır.
"Mənə deyilən yeganə təhlükəsizlik tədbiri 45-ə qədər saymaqdır, əgər 50-yə çatsanız, təhlükəsizsiniz, yoxsa, açıq-aydın vurulmusunuz", deyə Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib.
Berbok vurğulayıb ki, Qərb silahlarının Rusiya Federasiyasına zərbə endirməsinə icazə vermək çox vacibdir. Belə ki, Ukrayna raketin sərhədi keçməsini gözləməsin, əksinə, qarşı tərəfdəki hərbi obyektləri məhv etsin.
Almaniyanın Ukraynanı "Taurus"la təmin etməli olub-olmaması ilə bağlı birbaşa suala Berbok konkret cavab verib: "Əlbəttə".
Eyni zamanda, o, bunun üçün koalisiyanın yekdil qərarı lazım olduğunu, lakin hələlik orada birliyin olmadığını vurğulayıb:
"Bizdə demokratiyadır. Koalisiyamızda birlik yoxdur. Ona görə də "Taurus" tədarük etmirik. Bu barədə şəxsi fikrim var, amma biz koalisiyayıq. Ona görə də yekdilliklə qərar verməliyik".
Bundan əvvəl Almaniyanın müdafiə naziri Boris Pistorius bildirmişdi ki, o, Ukrayna Silahlı Qüvvələrinın Rusiya Federasiyası ərazisinə digər tərəfdaşların təqdim etdiyi silahlarla zərbə endirməsinin əleyhinə deyil, lakin Berlinin özü "Taurus” raketlərini Ukraynaya verməyəcək.
Almaniya kansleri Olaf Şolts daha sonra bildirib ki, Almaniya Ukraynaya uzaqmənzilli "Taurus” raketləri göndərməyi planlaşdırmır və bu, son qərardır.
Aydın
Şərhlər