Ermənistan iddia edir ki, Azərbaycdanın tərkibində anklavlar var. Onların dediyinə görə, bu anklavlar Kədəbəy rayonu ərazisindədir. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov isə bildirib ki, Bakı Qazax rayonunun 7 kəndini və Naxçıvanın Kərki kəndini qaytaracaq. Yəni bu məsələdə heç bir ticarət mübadiləsi olmayacaq.
"İrəvan Gədəbəy ətrafında özlərinə aid hesab etdikləri anklav əraziləri Qazaxın 7 və Naxçıvanın Kərki kəndinə qarşı qoymaq istəyir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Turan Rzayev İrəvanın Azərbaycanın tərkibində anklavların olması barədə iddiasına münasibət bildirərkən deyib:
"Rəsmi Bakı anklavlar məsələsində israrlıdır. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi. İrəvan da bundan irəli gələrək "hamının hamıya prinsipi”nə üstünlük verməklə, Gədəbəy ətrafında özlərinə aid hesab etdikləri anklav əraziləri Qazaxın 7 və Naxçıvanın Kərki kəndinə qarşı qoymaq istəyir. Məsələ ondadır ki, Gədəbəydəki anklav Qazaxın 7 və Kərki kəndini əhatə edən ərazinin həcminə bərabərdir. Bu baxımdan həmin fənddən istifadə edərək İrəvan bir növ Azərbaycanı bu anklavları geri almaqdan yayındırmağa çalışır”.
Politoloq bildirir ki, Azərbaycan heç zaman ermənilərin bu fəndinə razı olmayacaq:
"Ermənilərin bu istiqamətdə istənilən addımları qəbul edilməyəcək. Anklavdakı həmin ərazilər də Azərbaycanın ərazisidir və sərhədin tam müəyyənləşməsi baxımından bu yerlərin də ölkəmizə qaytarılması vacibdir”.
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, tərəflər sülh müqaviləsi imzalasalar, hansısa böyük mənafelər naminə kiçik mənafedən imtina etmək olar:
"İki ölkə arasında danışıqlar gedir. Hələlik Bakı ilə İrəvan arasında xeyli mübahisəli məsələlər olduğundan anklavlar məsələsi sonraya qalıb. Amma Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirdi ki, Azərbaycan Qazax rayonunun 7 kəndini qaytaracaq. Bu o deməkdir ki, artıq həmin məsələ də müzakirə olunmağa başlayıb. Hansı əsasla razılaşacaqlarını indidən demək olmaz. Amma tərəflər arasında sülh müqaviləsi imzalananda, sərhədlərin delimitasiya və demarkasiyası həyata keçəndə anklav kəndlər məsələsi də birmənalı olaraq müzakirə olunacaq. Fikrimcə, bu məsələdə bərabər miqyasda ərazi mübadiləsi anklavların olmasından daha əlverişlidir. Ermənilər Qazaxla üzbəüz Azərbaycan kəndlərini qaytarsa, faktiki bu kəndlər Ermənistanın Gürcüstanla yolunu kəsəcək. Bu isə əlavə baş ağrısıdır. Bunun müqabilində tərəflər bərabər sahədə ərazilərin dəyişməsi barədə razılığa gəlsələr, qanqaraldan bu məsələni aradan qaldırmaq olar”.
Rüfət Sultan
Şərhlər