Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında danışıqlar başa çatıb.
Qaynarinfo xəbər verir ki, danışıqlar 4 saat davam edib.
15.20
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Almatıdakı danışıqları iki gün davam edəcək.
APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov erməni həmkarı ilə görüşdən əvvəl çıxışı zamanı bildirib.
XİN rəhbərinin sözlərinə görə, Almatıda aparılan danışıqlar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımından çox faydalı olacaq.
Ceyhun Bayramov açıq qalan məsələlərdə həll yolları tapmaq üçün növbəti iki gün ərzində məhsuldar işləməyi bacaracaqlarına əminliyini ifadə edib.
Nazir bildirib ki, Qazax istiqamətində Azərbaycanla Ermənistan arasında sərhəd dirəklərinin quraşdırılması praktiki olaraq başa çatır.
Ceyhun Bayramov onu da qeyd edib ki, Berlindəki danışıqlardan sonra tərəflər sülh sazişi layihəsi ilə bağlı şərh mübadiləsi aparıblar.
14.17
Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında görüş başlayıb.
Qaynarinfo xəbər verir ki, "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir. Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.
09.30
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb.
Qaynarinfo xəbər verir ki, səfər çərçivəsində Alma-Ata şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin iki ölkə arasında "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqlarının növbəti raundunun, habelə Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub.
08.30
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında görüş keçiriləcək.
Qaynarinfo-nun xəbərinə görə, görüş Qazaxıstanın Almatı şəhərində baş tutacaq.
Belə ki, daha əvvəl əldə edilmiş razılaşmalara uyğun olaraq Azərbaycan və Ermənistan XİN başçıları arasında danışıqlar aparılacaq.
Şərhlər