Xəbər lenti

Şahin Mustafayevin  İran səfəri: Bakı və Tehranın ortaq maraqları nədir? - Ekspert
Ekonomiks 17:29 19.05.2022

Şahin Mustafayevin  İran səfəri: Bakı və Tehranın ortaq maraqları nədir? - Ekspert

Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev İran İslam Respublikasının xarici işlər naziri Hüseyin Əmir Abdollahian ilə də görüşüb.
 
İkitərəfli münasibətlərin yüksək səviyyədə inkişafından, iki ölkə arasında ticarət dövriyyəsində müşahidə olunan artımdan məmnunluq ifadə edən tərəflər, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 15-ci iclasında əldə olunan razılıqların, həmçinin İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun icrasına tezliklə başlanmasının önəmini vurğulayıblar.  Görüşdə həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparılıb. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.

Tərəflər qarşılıqlı maraq doğuran regional əməkdaşlığı nə vəd edir? İqtisadçı ekspert Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, yaxın zamanlarda bu məsələ ətrafında pozitiv qərarlar veriləcək və işlər sürətlənəcək:"Kommunikasiya yolunun açılmasında hər iki ölkənin, o cümlədən regional dövlətlərin də marağı var. Loqistik zəncirlərin ərazisindən keçməsi İrana kifayət qədər ciddi dividentlər gətirə bilər. Azərbaycan belə bir koridorun açılmasında hər zaman maraqlı olub. Bu Türkiyə və digər region ölkələrin də loqistik xətlərdən istifadə etməsini asanlaşdıracaq. Ümumiyyətlə həmin yol dünyada əsas problemlərdən olan loqistik xətlərin zəifləməsinin qarşısını ala biləcək faktora da çevrilə bilər”.

Həmsöhbətimiz qeyd edir ki, bu yol-nəqliyyat sisteminin formalaşması yeni iqtisadi münasibətlərin yaranmasına da səbəb olacaq:"Düşünürəm ki, yaxın zamanlarda bu məsələ ətrafında pozitiv qərarlar veriləcək və işlər sürətləndiriləcək. Bu layihə bütün bölgə ölkələri, o cümlədən Azərbaycanın dövlət maraqlarına tamamilə uyğun gələn bir layihədir. Onun sürətlənməsi Bakı və Tehranın maraqları çərçivəsindədir”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->