Xəbər lenti

AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başladı (FOTO)
Foto 09:52 25.10.2024

AHİK-in “Buzovna” Fizioterapiya Mərkəzi fəaliyyətə başladı (FOTO)

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən "Buzovna” Fizioterapiya Mərkəzinin fəaliyyətə başlaması ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə hökumət nümayəndələri, Milli Məclisin deputatları, AHİK-in və üzv təşkilatların rəhbərləri iştirak ediblər.

Öncə fizioterapiya mərkəzinə baxış olub. Məlumat verilib ki, mərkəzdə 90 nəfərlik 2 dördmərtəbəli yataq korpusu var. Bütün otaqlar zəruri məişət avadanlıqları ilə təchiz edilib. Eləcə də burada ittifaq üzvlərinin rahat dincəlməsi üçün istirahət guşələri yaradılıb. Mərkəzin ərazisindəki ikimərtəbəli müalicə korpusunun birinci mərtəbəsində yeməkxana zalı, ikinci mərtəbəsində müalicə və müayinə kabinetləri, masaj otaqları yerləşir. Qapalı hovuz da müalicə olunanların istifadəsindədir. Mərkəzin ərazisində geniş yaşıllaşdırma işləri aparılıb, gül-çiçək, dekorativ kol və ağaclar əkilib. İştirakçılar yaşayış otaqlarına, müalicə və müayinə kabinetlərinə baxıblar, müalicə üçün yaradılmış şəraitlə tanış olublar.

Fizioterapiya mərkəzi ilə tanışlıqdan sonra tədbir keçirilib. Tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov dövlətimizin başçısı cənab İlham Əliyevin genişmiqyaslı və məqsədyönlü fəaliyyətindən, son illərdə bütün sahələr üzrə ölkəmizin qazandığı nailiyyətlərdən söz açıb, vətəndaşlarımızın rifahının yüksəldilməsi, sağlamlıqlarının qorunması, həmçinin ölkəmizdə səhiyyə sahəsində görülən işlərdən danışıb.

Bildirib ki, cənab Prezident İlham Əliyevin fəaliyyətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır və xalqımız şanlı tarixinin ən parlaq dövrünü yaşayır: "Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti də hər zaman möhtərəm Prezidentimizin diqqətindədir. Bizə davamlı olaraq dəstək göstərilir. Bu da səylə çalışmağımıza, uğurlu nəticələr əldə etməyimizə, ümumilikdə həmkarlar ittifaqlarının inkişafına rəvac verir. Eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun humanist fəaliyyətini, reallaşdırdığı xeyirxah sosial layihələri xüsusilə qeyd etmək istərdim. Bu nəcib missiyalar bütün ictimai təşkilatlar, o cümlədən həmkarlar ittifaqları üçün də böyük örnəkdir”. 

AHİK sədri işçilərin istirahəti və müalicəsinin təşkilinin, məzuniyyət dövrünün daha səmərəli keçirilməsi üçün şəraitin yaradılmasının həmkarlar ittifaqlarının daim diqqət mərkəzində olduğunu bildirib. Onun sözlərinə görə, hazırda Konfederasiya tərəfindən ittifaq üzvlərinin rahat istirahəti üçün müasir və effektiv beynəlxalq təcrübənin tətbiqi istiqamətində sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. 

Deyib ki, ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu bir vaxtda Azərbaycan həmkarlar ittifaqları da üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün hədəflərini müəyyənləşdirir, yeni layihələr üzərində işləyir.

Gənclər və gender məsələləri ilə bağlı yeni layihələrdən danışan Sahib Məmmədov "AHİK Könüllüləri” proqramına artıq start verildiyini, "Layiqli Əmək Səfirləri” layihəsinin isə yaxın vaxtlarda təqdim olunacağını diqqətə çatdırıb.  

İşin keyfiyyətinin artırılması istiqamətində həmkarlar ittifaqları sistemində struktur dəyişikliklərinin aparıldığını qeyd edən AHİK sədri vurğulayıb ki, əlçatanlıq, heç kimin kənarda qalmaması, inklüzivlik, bərabər imkanlar, fəaliyyətin qiymətləndirilməsi yeni mərhələdə bizim əsas prinsiplərimizdir: "Bir sözlə, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tövsiyələrinə uyğun olaraq, biz dövlət orqanları və işəgötürənlərlə birgə işçilərin əmək və sosial-iqtisadi hüquqlarının qorunması, vətəndaşların sosial rifah halının yaxşılaşdırılması və cəmiyyətin ahəngdar inkişafı naminə səylərimizi bundan sonra da davam etdirəcəyik”.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov çıxışında dövlətimiz tərəfindən rayon ərazisində həyata keçirilən layihələrdən, aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Fizioterapiya mərkəzinin ən müasir standartlara cavab verdiyini qeyd edən Elşən Salahov burada müalicə alacaq vətəndaşlarımızın şəraitdən məmnun qalacaqlarına əminliyini ifadə edib.

Səhiyyə nazirinin müavini Rasim İsmayılov isə bildirib ki, cənab Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkə səhiyyəsi davamlı olaraq inkişaf edir, tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilir, yeni tibbi texnologiyalar tətbiq olunur. O həmçinin həmkarlar ittifaqlarının fəaliyyətinə toxunub, təşkilatın əmək hüquqlarının qorunması istiqamətində gördüyü işlərdən bəhs edib və fizioterapiya mərkəzinin fəaliyyətə başlamasını Azərbaycan səhiyyəsinin inkişafına mühüm töhfə kimi qiymətləndirib.

Fizioterapiya mərkəzinin fəaliyyətinə uğurlar arzulayan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev burada yaradılmış şəraitin və həkimlərin peşəkarlığının effektiv müalicəyə təminat verdiyini bildirib. Komitə sədri yeni inkişaf mərhələsində də həmkarlar ittifaqlarının səmərəli iş aparacağını, üzvlərinin hüquqlarını etibarlı şəkildə müdafiə edəcəyini və əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atacağını diqqətə çatdırıb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə sağlamlığa xidmət edən bu cür mərkəzlərin yaradılmasının vətəndaşlarımıza olan qayğının, ölkəmizin inkişafının təcəssümü olduğunu bildirib. Qeyd edib ki, həmkarlar ittifaqları digər funksiyaları kimi, üzvlərinin istirahətinin təşkilinə və sağlamlığının qorunmasına da həssaslıqla yanaşır.

Xəzər rayonundan Milli Məclisə deputat seçilən Soltan Məmmədov rayon ərazisində görülən işlərdən, sakinlərin məşğulluğunun təmin olunması istiqamətində atılan addımlardan və Heydər Əliyev Fondunun reallaşdırdığı layihələrdən bəhs edib, fizioterapiya mərkəzinin fəaliyyətə başlamasını isə böyük uğur olaraq dəyərləndirib.

Tibb elmləri doktoru, professor Nailə Məmmədova da fizioterapiya mərkəzinin insanların sağlamlığına xidmət etməklə ölkəmizin tibb sahəsinin inkişafına dəstək olacağını vurğulayıb. O eləcə də əlavə edib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə səhiyyə sistemində bir sıra mühüm  layihələrin uğurla həyata keçirilməsi ölkədə əhalinin sağlamlığının qorunmasına diqqət və qayğının parlaq təzahürüdür.
Sonda AHİK sədri Sahib Məmmədov fizioterapiya mərkəzinin rəhbərliyinə və həkimlərinə tövsiyələrini verib və fəaliyyətlərində uğurlar arzulayıb.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->