Xəbər lenti

Dünya 12:50 24.10.2024

"Abdullah Öcalan tərksilah çağırışı etsə də, bu, terrorun sonu anlamına gəlməyəcək" (ŞƏRH)

QEYD: Bu müsahibə ötən gün Anakarada baş verən terror aktından öncə götürülüb!
 

"İndiki şəraitdə Abdullah Öcalan azadlığa çıxıb, PKK-ya silahı yerə qoymaqla bağlı çağırış etsə belə, bu, terrorun sonu anlamına gəlməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Rauf Mirqədirov MHP lideri Dövlət Baxçalının PKK-nın həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutaraq "onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir" fikrini şərh edərkən deyib.

"Belə bir bəyanatı Türkiyə millətçilərinin liderinin səsləndirməsi təəccüb doğurur. Öcalan Türkiyə vətəndaşlarının kütləvi şəkildə qətlində ittiham olunur. Söhbət insan qatilindən gedir. Belə olan halda onun azadlığa buraxılmasına hüquqi don geyindirmək formal olaraq mümkündür, amma məncə, qəbuledilməzdir. Mümkündür, ona görə ki, ən azından Türkiyə Prezidentinin onu əfv etmək hüququ var. Hətta MHP lideri Baxçalı bu tip cinayətləri bağışlaya bilirsə, nəzəri baxımdan Öcalanın azadlığa buraxılması da mümkün görünür", deyə Rauf Mirqədirov bildirib.

Amma ekspertə görə, DEM Partiyasının terrorla bağlı olmayan digər liderləri həbsdə ola-ola, MHP liderinin Öcalanın azadlığa buraxılması təklifi ilə çıxış etməsi təəccüb doğurur:

"İndi həbsdə olan və PKK-nı dəstəkləyən Selaheddin Demirtaş heç zaman özü birbaşa terrorla məşğul olmayıb. Hətta yadınıza salmaq istəyirəm ki, bir vaxtlar Demirtaş DEM Partiyasının, yəni PKK-nın siyasi qanadının lideri kimi Öcalanla danışıqlarda vasitəçi kimi çıxış edirdi. Bu danışıqların məqsədi də terrordan imtina, siyasi fəaliyyətə keçid əvəzinə Öcalanın həbsdən azad edilməsi idi. Özü də danışıqlar Ərdoğanın "kürd açılımı" siyasəti çərçivəsində aparılırdı. O zamanlar MHP lideri "kürd açılımı" siyasətinin ən amansız tənqidçilərindən biri idi. Yada salmaq istəyirəm ki, Ərdoğan "kürd açılımı"ndan imtina etdikdən sonra, MHP ilə AKP-nin ittifaqı mümkün oldu. İndi isə MHP vaxtı ilə "milli xəyanət adlandırdığı siyasət"i həyata keçirməyə çağırır".

Ekspert Öcalanın azad edilməsinin PKK terrorunun qarşısını alacağını da düşünmür:

"İkincisi, düşünmürəm ki, Öcalanın çağırışı ilə PKK terroru aradan qalxacaq. Çünki PKK tipli terror təşkilatları bir qədər fərqli struktura və fəaliyyət prinsiplərinə malikdir. Bu məhdud əhatə dairəsinə malik, qapalı klassik tipli terror təşkilatı deyil. Belə təşkilatlarda liderin tərksilah çağırışına heç də ucdantutma hamı tabe olmur. Çünki PKK xüsusi tipli terror təşkilatıdır. PKK Taliban kimi hərbi birləşmə formalaşmış, müəyyən ideologiyaya, "milli məqsəd" kimi təqdim olunan hədəfə malik olan terror təşkilatıdır. Etiraf etməliyik ki, onun kürd əhalisi arasında müəyyən dəstəyi var. Belə hallarda liderin tərksilah barədə çıxışı heç də o anlama gəlmir ki, hamı onun arxasınca gedəcək. Uzun müddət Öcalanın birbaşa rəhbərliyi altında olmayan hərbi birləşmənin terrorçu liderlərin onun çağırışına hamılıqla tabe olub, tərkisilah olunmağa razılaşacaqlarına əmin deyiləm. Yalnız problemi doğuran səbəbləri aradan qaldırıb, həmin terror təşkilatının əhali arasındakı dəstəyini sıfra yaxın bir səviyyəyə endirib, PKK-nı marginallaşdırdıqdan sonra ayrı-ayrı liderlərin çağırışları ciddi rol oynaya bilər. İndiki şəraitdə isə Öcalanın azadlığa çıxıb tərksilahla bağlı çağırışla çıxış etməsi belə PKK terrorunun sonu demək olmayacaq.

Üçüncusu, düşünürəm ki, təşəbbüsün əsas müəllifi Baxçalı deyil, başqasıdır. Baxçalı isə "qurbanlıq" rolunda çıxış edir. Son seçkilər göstərdi ki, hətta inzibati resursdan istifadə imkanları belə MHP-AKP koalisiyasına seçkilərdə qalib gəlməyə imkan vermir. Dəfələrlə dediyim kimi, hakim elitanın elektoral bazası həddindən artıq daralıb və sabit deyil. Bir tərəfdən o, bütün əvvəlki müttəfiqlərini itirib. Digər tərəfdən, hakimiyyət tərəfdarlarının inkişaf adlandırdığı sosial-iqtisadi böhran onun sabit elektoratı olan dindar və kasıb kəsimin bir hissəsini ondan üz döndərməyə məcbur edir. Növbəti prezident seçkilərinə, yəni 2028-ci ilə qədər əhalinin sosial güzəranının köklü şəkildə yaxşılaşdırılması o qədər də inandırıcı görünmür. Və nəhayət, hakim partiyadan daha radikal yeni islamçılar peyda olub. Belə bir şəraitdə kürdlərin, yəni sabit və bir mərkəzdən idarə olunan elektoral bazanın dəstəyini qazanmaq müəyyən ümüdlər yaradır. Deyə bilərsiniz ki, bəs onda nə üçün Ərdoğanın özü bu təkliflə çıxış etmir? İlk növbədə onu nəzərə almaq lazımdır kı, Ərdoğan bu təşəbbüsün uğurla nəticələnəcəyindən əmin deyil. Kürdlər hesab edirlər ki, hakimiyyət onları artıq bir dəfə aldadıb. Ona görə də kürdlərin hakim elitaya ikinci dəfə inanacağına əminlik yoxdur. Belə isə təklif MHP-dən gəlir. Alınarsa, çox yaxşı. Bu halda onsuz da uğur Ərdoğanın adına yazılacaq. Alınmazsa, onda necə deyərlər, "babalı Sərvərin boynuna".

Ekspert hesab edir ki, bütün hallarda uduzan MHP olacaq:

"Artıq, demək olar ki, sıravi partiya üzvlərinin əhəmiyyətli hissəsi yeni "kürd açılımı"nı dəstəkləməyəcək. Bir sözlə, Baxçalı pis vəziyyətdə qalacaq və AKP-dən tam asılı olacaq. Özü də Ərdoğan istədiyi vaxt "talaq, talaq, talaq" demək imkanına malık yeganə tərəf olacaq".

Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalının qrup toplantısındakı son çıxışı müəyyən sensasiya yaradıb. Terrorçu PKK təşkilatının həbsdə olan lideri Abdullah Öcalanı nəzərdə tutan MHP lideri "onun təcrid olunması aradan qaldırılarsa, o Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir" fikrini səsləndirib. Baxçalı çıxışında onu da söyləyib ki, Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, təşkilatın ləğv edildiyini hayqırsın. 

Bu arada, tanınmış jurnalist, "Hürriyet”in köşə yazarı Abdulkadir Selvi yazıb ki, Baxçalının bu təklifindən sonra Öcalanla ilk görüş olub. Onun sözlərinə görə, Abdullah Öcalanla sonuncu dəfə qardaşı Mehmet Öcalan 2019-cu ilin avqustunda görüşüb. 43 aydır ki, onunla görüşə icazə verilmirdi. Uzun müddət sonra ilk görüş ötən gün baş tutub.

PKK-nın siyasi qolu olan Xalqların Bərabərlik və Demokratiya Partiyasının (DEM) Şanlıurfadan olan millət vəkili, Abdullah Öcalanın qardaşı oğlu Ömər Öcalan dünən Öcalanın hazırda cəzasını çəkdiyi İmralı həbsxanasına gedərək onunla görüşüb. Türkiyə vaxtı ilə saat 11:00-da başlayan görüşün 2 saat davam edib.

PKK rəhbərinin görüşdə təcrid şərtləri aradan qaldırılarsa və ünsiyyət imkanı yaradılarsa, silahların yerə qoyulmasında rol oynaya biləcəyi mesajını verdiyi bildirilir. "Tarixi məsuliyyətimi yerinə yetirməyə hazıram. Təşkilatı silahı yerə qoymağa çağıracağam”, deyə Öcalan bildirib.

"Belə aydın olur ki, MHP lideri Baxçalının gündəmə gətirdiyi "Umut hakkı” qanun layihəsi Öcalan üçün ümidverici olub”, deyə jurnalist yazıb. O, daha sonra Öcalanın bir müddət əvvəl "həbsxanadan tabutla çıxmaq istəmirəm” dediyini də sözlərinə əlavə edib.
 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->