ABŞ prezidenti Co Baydenin administrasiyası İsraili İordan çayının qərb sahilində mülki insanları qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin İsrailin "The Times of Israel" qəzetinə verdiyi bəyanatda
deyilir.
Eyni zamanda, Dövlət Departamenti qeyd edib ki, onlar İsrailin təhlükəsizlik ehtiyaclarını, o cümlədən İordan çayının qərb sahilindəki terror fəaliyyətinə qarşı mübarizə ehtiyacını qəbul edir.
Bir gün əvvəl İsrail Müdafiə Qüvvələri İordan çayının qərb sahilində Cenin və Tulkərm şəhərlərində terrorla mübarizə əməliyyatına başladığını açıqlayıb. "The Times of Israel”in məlumatına görə, İsrailin keçirdiyi əməliyyat nəticəsində azı 11 nəfər ölüb, 26 nəfər yaralanıb.
"Biz həmçinin İordan çayının qərb sahilində sabitliyin qorunması ilə bağlı dərin narahatlığımızı davam etdiririk və İsraili Qəzza zolağında etdiyimiz kimi, İordan çayının qərb sahilindəki mülki insanların həyatını qorumaq üçün bütün mümkün tədbirləri görməyə çağırırıq", deyə sənəddə vurğulanır.
BMT-nin baş katibi Antonio Quterreş İsrailin hərəkətlərini pisləyib və İordan çayının qərb sahilində baş verən ölümlərlə bağlı "dərin narahatlığını" ifadə edib. Bu barədə baş katibin sözçüsü Stefan Düjarrik bildirib.
Quterreş həmçinin İsraili beynəlxalq humanitar hüquqa hörmət etməyə və İordan çayının qərb sahilində mülki insanları qorumaq üçün tədbirlər görməyə çağırıb.
Nizami Bağırov
Şərhlər