Xəbər lenti

ABŞ seçkiləri: Populizmdən reallığa... (ŞƏRH)
Dünya 19:00 14.10.2024

ABŞ seçkiləri: Populizmdən reallığa... (ŞƏRH)

ABŞ-da prezident seçkiləri yaxınlaşdıqca, namizədlər arasında bir-birinin ünvanına ittihamlar da artır. Respublikaçıların namizədi Donald Tramp daha çox canfəşanlıq edir. Rəqibinin hazırkı vitse-prezident Kamala Harris olduğu bəlli olandan sonra, Tramp reallıqdan daha çox populist çıxışlara üstünlük verməyə başlayıb. Son çıxışlarının birində Tramp bildirib ki, ABŞ hökumətinə rəhbərlik edən demokratların siyasəti ucbatından yaxın dörd ayda Üçüncü Dünya müharibəsi başlaya bilər. 

"Mən qarşıdakı üç-dörd aydan narahatam, çünki hökumətdə olan insanlara görə dünya müharibəsi ilə üzləşəcəyik", deyə Tramp bildirib. 

Respublikaçıların namizədinin bu tip populist açıqlamalara üstünlük verməsi onu göstərir ki, Trampın ölkəni növbəti mərhələyə aparmaq üçün real olaraq hər hansı bir proqramı yoxdur. Olsa da, bu istiqamətdə proqramlarının demokratların proqramı ilə müqayisədə zəif olduğunu anladıqlarından, daha çox populist çıxışlara üstünlük verirlər ki, seçiciləri öz tərəfinə çəkə bilsinlər. 

Son rəy sorğuları da Harrisin Trampı bir neçə bənd qabaqladığını göstərir. Görünür, bu amil də Tramp qıcıqlandırdığından o təbliğat kampaniyasında real inkişaf proqramlarından daha çox populist çıxışlara yer verməyə başlayıb. Əslində belə bir açıqlamalara önəm verməsi Trampın Harris qarşısında zəif olduğunun, onunla mübarizədə uduzduğunun göstəricisidir. Tramp da guya bu uğursuzluğunu ört-basdır etmək iddiası ilə populist fikirləri gündəmə gətirir. Əslində isə belə çıxışları daha çox onun reytinqinin bir qədər də aşağı düşməsinə səbəb ola bilər. 

Bu ehtimal daha böyükdür, nəinki populist çıxışlarla amerikalı seçicinin rəğbətini qazanmaq. Dünya müharibəsinin olması ehtimalı isə Trampın hay-küy qaldırmasının əksinə olaraq, demək olar ki, yox səviyyəsindədir. Rusiyanın Ukraynada apardığı müharibə heç bir halda Qərbin birbaşa ona qoşulması ilə nəticələnməyəcək. Gərginlik nə qədər artsa da, bu ehtimal sıfır səviyyəsindədir. Sadəcə, ölkə rəhbərləri belə hədələrlə rəqiblərini qorxutmaq, onları öz diktəsinə tabe etdirməyə çalışırlar. 

Ölkə rəhbərləri və ya ona namizəd olan şəxslər isə bu kimi fikirlərlə sadəcə seçiciləri öz tərəfinə çəkməyi düşünürlər. ABŞ cəmiyyətinin siyasiləşdiyini nəzərə alsaq, belə populist çıxışları onlarda hər hansı bir rəğbət yaratmır. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->