“İmperator” “Qalatasaray”a geri döndü – FOTOLAR

“Qalatasaray”da məşqçi qeyri-müəyyənliyi sona çatdı.

Xorvatiyalı baş məşqçi İqor Tudorun vəzifəsinə son verən sarı qırmızılı klub, təcrübəli məşqçi Fatih Terim ilə yenidən razılaşlb. F.Terim bu gün saat 16:00-də Türk Telekom Stadionunda keçiriləcək mərasimdə yeni müqaviləyə imza atacaq.

Musavat.com xəbər verir ki, “Qalatasaray”ın Super Liqanın 17-ci həftəsində oynanacağı “Göztepe” matçında komandanın başında Fatih Terim olacaq. Türkiyə mediasının iddiasına görə, Fatih Terim bu dəfə komandasında “Qalatasaray”ın tarixində böyük rolu olmuş Hasan Şaş və davranışı, çempionluqda gətirdiyi paya görə azarkeşlərin “Qolmander” dedikləri Yohan Elmander var. Onlar Terimin sağ və sol qolu olacaqlar.

 

F.Terim 4-cü dəfə “Qalatasaray”a döndüyünü ilk olaraq rəsmi “Twitter” hesabından elan edib. O, klubun rəsmi hesabını işarələyərək, “Harada qalmışdıq…” yazıb. Klubdan isə Terimin kluba sonuncu dəfə rəhbərlik etdiyi dövrdə qazandığı çempionluq fotosu paylaşılaraq, “Burada qalmışdıq, hocam” cavabı gecikməyib.

Terimin kluba gətirilməsi azarkeşlərin böyük təzyiqi və klubun hazırkı prezidenti Dursun Özbəyin səs qazanma üsulu kimi qiymətləndirilir. Azarkeşlər Fatih Terimi çox sevirlər. Klubun milyonlarla üzvü olan “UltraAslan” azarkeş qrupunun da klub rəhbərliyinə basqı etməsi öz nəticəsini verdi. Burada hazırda seçkiyə gedilən klubda namizədlərin “Prezident seçilsəm Fatih Terimi gətirəcəyəm” deməsinin də öz təsiri var. Dursun Özbək bu addımı ataraq, rəqiblərini “silahsız” qoymuş oldu.

Müxtəlif dövrlərdə 3 dəfə Fatih Terim “Qalatasaray”a gəlib və bu dönəmlərdə 16 kubok qazanıb. Terim liqada 4 dəfə ard-arda çempionluq yaşayıb və tarixə düşüb. F.Terim “Qalatasaray”a Türkiyədə ilkləri yaşadıb. Türkiyə futbolu tarixində ölkəyə sadəcə 1 dəfə UEFA kuboku gətirilib və onu “Qalatasaray”a Fatih Terim qazandırıb.

2000-ci ildə “Arsenal”ı məğlub edən “Aslanlar” tarix yazdılar və tarixi 17 ildir heç kəs təkrar edə bilmir. Fatih Terimin “Qalatasaray”a “UEFA kubokunu qazanan ilk və yeganə türk komandası” ünvanının qazandırması, azarkeşlər tərəfindən “İmperator” adlandırılmasına səbəb oldu. Həmin gündən bəri Türkiyədə hər kəs Fatih Terimi “İmperator” adlandırır.

Terimin kluba ikinci gəlişi 2002-2004-cü illərə təsadüf edir. Bu 2 illik mövsümdə “Qalatasaray” heç bir uğur əldə edə bilməyib. “İmperator” ləqəbli Terim “Qalatasaray”a 3-cü gəlişi ard-arda 2 çempionluq, 2 Türkiyə kuboku (“Qalatasaray” ən çox Türkiyə kuboku qazanan komandadır) və Türkiyə super kuboku qazandırdı. Bu kuboklardan birini “Qalatasaray” əzəli rəqibi “Fənərbağça”nın stadionunda qaldırıb.

Bunun ardından Türkiyə milli komandasına baş məşqçi olaraq gedən Terimin yerinə gətirilən məşqçilər arasında sadəcə Həmzə Həmzəoğlu uğur əldə edə bildi. H.Həmzəoğlu 2014-2015 mövsümündə klubu çempion edərək, “Qalatasaray”a 20-ci çempionluğu, dolayısı ilə 4-cü ulduzu qazandırdı. Hazırda Türkiyədə 4 ulduzlu tək komanda “Qalatasaray”dır.

Terim yuvasına 4-cü dəfə döndü. Bu dönüşün nəticəsi isə mövsümün sonunda bəlli olacaq. Hazırda klub 32 xalla liqada 3-cü yerdədir.

Bu günə kimi “Qalatasaray”ın çempionluqları və çempion baş məşqçiləri:

1961-62 Gündüz Kılıç

1962-63 Gündüz Kılıç

1968-69 Toma Kaleperoviç

1970-71 Brian Birch

1971-72 Brian Birch

1972-73 Brian Birch

1986-87 Jupp Derwall

1987-88 Mustafa Denizli

1992-93 Karl Heinz Feldkamp

1993-94 Rainer Hollmann

1996-97 Fatih Terim

1997-98 Fatih Terim

1998-99 Fatih Terim

1999-00 Fatih Terim

2001-02 Mircea Lucescu

2005-06 Erik Gerets

2007-08 Feldkamp/Cevat Güler

2011-12 Fatih Terim

2012-13 Fatih Terim

2014-15 Həmzə Həmzəoğlu

Məhəmməd Türkmən,
Musavat.com

You may also like

0 comments

By