Diqqət Kremlə!

Sabah bütün dünyanın diqqəti Rusiya paytaxtı Moskvaya yönələcək. Dekabrın ilk günündə dördilliyin ən möhtəşəm yarışı – futbol üzrə dünya çempionatının final mərhələsinin püşkatma mərasimi baş tutacaq.

 

Dövlət Kreml Sarayında keçiriləcək tədbir Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Dünya futbolunun bütün tanınmış simaları, FİFA, həmçinin qitə konfederasiyalarının və əksər milli assosiasiyaların rəhbərlərinin qatılacağı mərasimdə planetin ən yaxşı 32 komandası 8 qrupa bölünəcək.

 

DÇ-2018-in final mərhələsinin püşkatma mərasiminin aparıcıları İngiltərə futbolunun əfsanəsi Qari Liniker və rusiyalı idman jurnalisti Mariya Komandnaya olacaq. DÇ-1986-nın bombardiri olan ingiltərəli ilə “Matç TV” və “FOX Sports” kanallarında çalışan rusiyalı xanıma püşkatmada 8 assistent də kömək edəcək. Bunlar dünya çempionu olmuş komandaların nümayəndələridi.

 

Dünya kubokunu səhnəyə gətirəcək almaniyalı Miroslav Kloze (Almaniya), həmçinin Loran Blan (Fransa), Qordon Benks (İngiltərə), Fabio Kannavaro (İtaliya), Kafu (Braziliya), Dieqo Maradona (Argentiina), Karles Puyol (İspaniya) və Dieqo Forlan (Uruqvay) da aparıcılara assistentlik edəcək.

 

DÇ-2018-də Avropadan 14 komanda – Rusiya (təşkilatçı ölkə), Almaniya (son dünya çempionu), İngiltərə, Belçika, İslandiya, İspaniya, Polşa, Portuqaliya, Serbiya, Fransa, İsveçrə, Xorvatiya, İsveç, Danimarka qatılacaq. Mindialda Cənubi Amerikanı 5 yığma –  Braziliya, Kolumbiya, Uruqvay, Argentina və Peru təmsil edəcəksə, KONKAKAF-dan 3 milli – Meksika, Kosta-Rika, Panama yarışa vəsiqə qazanıb.

 

Asiyanın 5 komandası – İran, Yaponiya, Cənubi Koreya və Səudiyyə Ərəbistanı və Avstraliyanın mübarizə aparacağı turnirdə Afrika Nigeriya, Misir, Seneqal, Mərakeş, Tunislə təmsil olunacaq. Yalnız Okeaniya bu dəfə də mundialsız qalıb.

 

Rusiya millisi meydan sahibi kimi püşksüz A qrupunun 1-ci komandası olacaq. Ümumilikdə isə komandalar FİFA-nın oktyabr reytinqinə əsasən səbətlərə bölünüblər.

 

I səbət

Rusiya

Braziliya

Almaniya

Portuqaliya

Argentina

Belçika

Polşa

Fransa

 

II səbət

İspaniya

Peru

İsveçrə

İngiltərə

Kolumbiya

Meksika

Uruqvay

Xorvatiya

 

III səbət

Danimarka

İslandiya

Kosta-Rika

İsveç

Tunis

Misir

Seneqal

İran

 

IV səbət

Serbiya

Nigeriya

Avstraliya

Yaponiya

Mərakeş

Panama

Cənubi Koreya

Səudiyyə Ərəbistanı

 

Püşkatma zamanı komandaların hansı konfederasiyanı təmsil etməsi də böyük rol oynayacaq. Belə ki, eyni qrupda minimum 1, maksimum 2 Avropa təmsilçisi yer alacaq. Yəni 6 qrupda 2, 2 qrupda 1 “Köhnə qitə” yığması çıxış edəcək. Digər qitələr isə eyni qrupda birdən artıq komanda ilə təmsil oluna bilməz.

 

Qeyd edək ki, dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

You may also like

0 comments

By